Xəbərlər

Gürcüstanda mitinq zamanı polis 14 nəfəri saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada polisin 14 nəfəri saxladığını, bir polis əməkdaşının yaralandığını bildirib.

“Füyuzat”ın məlumatına görə, həmin şəxslər xırda xuliqanlıq və polisə müqavimətdə ittiham olunaraq saxlanılıblar.

Qeyd edək ki, Gürcüstan parlamentinin hüquq məsələləri komitəsi qanun layihəsini birinci oxunuşda təsdiqləyib, bundan sonra bir neçə min insan parlamentin girişinə toplaşıb.

Qeyd edək ki, qanun layihəsi Gürcüstan prezidenti Salome Zurabişvili və siyasi müxalifətlə yanaşı, diplomatik korpusun, o cümlədən Aİ-nin Gürcüstandakı ofisi və ABŞ səfirliyinin etirazına səbəb olub. Təşəbbüsün əleyhdarlarının fikrincə, qanun layihəsi Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına mane olacaq.