Ləman Vahid Xəbərlər

Ata və oğlun faciəsi…

“İvan Qroznı oğlunu öldürür” rəsm əsəri çoxumuzun qarşısına çıxıb. Bəs bu əsərin tarixini bilirsinizmi?

Əsərin müəllifi görkəmli rus rəssamı İlya Yefimoviç Repindir (1844–1930). Rəsm 1883–1885-ci illərdə işlənmiş və 1885-ci ildə tamamlanmışdır. İlya Repin rus realist rəssamlığının ən görkəmli nümayəndələrindən biri idi.

Rəsm Rusiya çarı olan IV İvan (Qorxunc İvan) ilə bağlı faciəvi bir hadisəni əks etdirir. IV İvan valdeynlərini erkən yaşda itirir, bundan sonra o, həyatın ağrı-acıları ilə üzləşir və zamanla zülmkar bir insana çevrilir. Gənc yaşlarından İvanın xarakterinə hakim kəsilmiş qəddarlıq və inamsızlıq onu həyatının sonuna qədər xəyanət və sui-qəsddən qorxmasına səbəb olmuşdur. İvan heç kəsə rəhm etmir və inanmırdı, ailə üzvlərinə belə. Faciə də elə burdan başlayır. Oğlunun hakimiyyəti ələ keçirmək şübhəsi ilə IV İvanın atdığı yanlış qərar, ölümə səbəb olur. O öz övladının qatilinə çevrilir…

Çar öz oğlunu hakimiyyəti ələ keçirməkdə günahlandırır və qəzəb anında əsası ilə onun başına zərbə endirir. Əsa şahzadənin gicgahına dəyir. O, qanlar içərisində yerə yıxılır. Çar tutduğu bu işə çox peşman olur və oğlunun üzərinə əyilərək hönkür-hönkür ağlayır. Lakin sonrakı peşmançılıq fayda vermir və şahzadə aldığı zərbədən vəfat edir. İlya Repin də “İvan Qroznı oğlunu öldürür” əsərində məhz bu səhnəni kətan üzərinə həkk edir.

Rəsmdə diqqət mərkəzində ata və oğul dayanır. Onlar qaranlıq fon qarşısında işıqlandırılmış şəkildə təsvir olunub. Əsərdə istifadə olunan tünd və dramatik tonlar faciəvi atmosfer yaradır. Qırmızı rəng qanı və zorakılığı simvolizə edir. Əsərin ən güclü tərəfi çarın gözlərindəki dəhşət və peşmanlıq hissinin real şəkildə verilməsidir.

Rəsm nümayiş etdirildiyi dövrdə böyük mübahisələrə səbəb olmuşdur. 1885-ci ildə əsər qısa müddətə sərgidən götürülmüşdür, çünki imperator hakimiyyəti bu mövzunu dövlət nüfuzuna xələl gətirdiyini bildirmişdir. Sonrakı illərdə də əsər bir neçə dəfə vandal hücumuna məruz qalmışdır.

Qeyd edək ki, rəssam bu əsəri çəkərkən tarixi mənbələri araşdırmış, insan psixologiyasını dərin şəkildə öyrənmişdir. Rəsm xüsusilə emosional gərginliyi və psixoloji realizmi ilə seçilir. Əsər hazırda Moskvanın Dövlət Tretyakov qalereyasının toplusunda saxlanılır.

“Qorxunc İvan və oğlu” əsəri təkcə tarixi hadisəni deyil, həm də insanın qəzəb, peşmanlıq və faciə qarşısındakı psixoloji vəziyyətini təsvir edir. Bu rəsm rus realizminin ən güclü nümunələrindən biri hesab olunur və bu gün də tamaşaçılara dərin emosional təsir bağışlayır.

Sonda onu da qeyd edək ki, bu əsər hələ də müəmma olaraq qalır. Bir qrup araşdırmaçı buna şübhə ilə yanaşır. Çünki bu vaxtadək şahzadənin öldürülməsinə dair heç bir əsaslı sübut tapılmayıb.

Ləman Vahid