“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Günel Natiqqızının “Kədər” şeiridir. Xoş mütaliələr!
Külək susmur, coşur-daşır,
Gecə küləklə savaşır.
Buludlar da çatıb qaşın,
Gözlərinə kədər düşüb.
Sətirlər də gəlir dilə
Zərrə-zərrə, gilə-gilə.
Çətin qələm gülə bilə,
Sözlərinə kədər düşüb.
Yolları boz duman alıb,
Dolanbaclar da qaralıb.
Cığırın köksü saralıb,
İzlərinə kədər düşüb.
Qış soyuğu dolub qəlbə,
Ümid gözlər yazdan xəbər.
Bəlkə, baharda bəxtinə
Bir işıqlı səhər düşüb.



