Azərbaycan Respublikası Prezidentinin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı vaxtında verilmiş mühüm sənəddir. Hazırda rəqəmsal mühitdə yayılan bəzi məzmunların uşaqlar üçün zərərli olduğu aşkar müşahidə edilir. Xüsusilə daxili sosial platformalarda paylaşılan videoçarxlar, eləcə də sosial şəbəkələrdə təbliğ edilən, milli təfəkkürümüzə və mentalitetimizə yad olan bəzi ünsürlər qanunvericiliyə uyğun şəkildə tənzimlənməlidir.
”Füyuzat”ın məlumatına görə, bu barədə müsahibəsində təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasında uşaqların hüquqları ilə bağlı qanunvericilik mövcuddur. Həmin qanunvericilikdə uşaqların istər valideynlər, istərsə də digər şəxslər tərəfindən zərərli vərdişlərə cəlb edilməsinin yolverilməz olduğu, onların bu cür təsirlərdən qorunmasının vacibliyi xüsusi vurğulanır.
Ekspert qeyd edib ki, Sərəncama əsasən, aidiyyəti qurumlar sosial platformalardan istifadə zamanı şəxsiyyət vəsiqəsi ilə identifikasiya tələbinin tətbiqini nəzərdən keçirəcək, müəyyən yaş həddindən sonra sosial platformalardan istifadəyə icazə veriləcək. Eyni zamanda, ölkədaxili informasiya yayımında bu Sərəncamdan irəli gələn tələblər mütləq şəkildə nəzərə alınmalıdır.
“Qlobal paylaşımlarla bağlı da ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır. Əgər məzmun uşaqların yaş xüsusiyyətlərinə uyğun deyilsə və ya onların inkişafına zərər verə bilərsə, müvafiq nazirlik tərəfindən həmin paylaşımlara məhdudiyyətlərin qoyulması vacibdir. Ümumilikdə, bu Sərəncam uşaqların hüquqlarının müdafiəsinə, onların rəqəmsal mühitdə zərərli təsirlərdən qorunmasına və sağlam inkişafının təmin olunmasına xidmət edir”, – deyə Elçin Əfəndi fikrin yekunlaşdırıb.



