Bu gün Azərbaycan xalqının minilliklərdən süzülüb gələn mənəvi irsi — Novruzun müjdəçisi olan sonuncu çərşənbəsini qeyd edirik. Xalq arasında “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanan bu müqəddəs gün ruzi-bərəkətin, dirçəlişin və yeni həyatın başlanğıcı hesab olunur.
Əcdadların Mirası: İnanclar və Adətlər
Digər üç çərşənbədən fərqli olaraq, İlaxır çərşənbə xüsusi təntənə və ayinlərlə müşayiət olunur. Əcdadlarımızın inancına görə, bu gün torpaq artıq əkinə hazır olur. Süfrələrin bəzəyi olan səməni isə təbiətin canlanmasının ən parlaq rəmzi kimi evlərimizə qonaq gəlir.
Bu günün qədim el adətləri:
- Axşam saatlarında tonqallar qalanır. İnanca görə, odun üzərindən tullanmaqla bütün ağırlıq və uğursuzluqlar keçən ildə qalır.
- Bu axşam yalnız xoş sözlər danışılmalı, qulaq falına çıxanlara ancaq ümidverici xəbərlər çatmalıdır.
- Qədim adətə görə, bu gün ailənin ruzisi evdə qalsın deyə.evdən duz, su, od, çörək və ağartı məhsulları verilməz
- İlaxır çərşənbəni hər kəs öz evində qeyd etməlidir. Deyilənə görə, bu gecəni başqa yerdə keçirən şəxs növbəti yeddi ili vətənindən və ya evindən uzaq düşə bilər.
Fuyuzat.az kollektivi olaraq bütün xalqımızı İlaxır çərşənbə münasibətilə təbrik edir, süfrələrinizə bol ruzi, qəlbinizə bahar təravəti arzulayırıq!



