Yeni araşdırma vahiməli rəqəmləri üzə çıxarıb.
İsveç və Norveçdə aparılan son tədqiqatlar 5-19 yaş arası uşaq və yeniyetmələr arasında yaddaş problemlərinin kəskin artdığını aşkar edib.
Müvafiq dövlət qurumlarının statistikasına əsasən, 2006-2024-cü illər aralığında Norveçdə yaddaş pozuntusu ilə bağlı həkimə müraciət edənlərin sayı 8 dəfədən çox artıb. İsveçdə isə vəziyyət daha kritikdir; burada analoji müraciətlərin sayında 60 dəfəyə yaxın artım qeydə alınıb.
Tədqiqatçılar bu mənfi tendensiyanın smartfon, Wi-Fi və simsiz qulaqlıqların (AirPods və s.) kütləvi istifadəsi ilə eyni dövrə təsadüf etdiyini vurğulayırlar. İlkin elmi qənaətlərə görə, sözügedən cihazların yaydığı tezliklər beynin yaddaş mərkəzi sayılan hipokampusa birbaşa mənfi təsir göstərir.
Mütəxəssislər xəbərdarlıq edir ki, artıq söhbət sadəcə yaddaş zəifliyindən deyil, yeni nəslin hələ yetkinlik yaşına çatmadan kütləvi koqnitiv tənəzzüllə (zehni fəaliyyətin geriləməsi) üz-üzə qalmasından gedir. Bu isə gələcək nəslin intellektual potensialı üçün ciddi təhlükə siqnalıdır.



