Yıxıldı palıd…
Palıd…
Əzəmət və mətinlik rəmzi…
Möhkəmlik və mərdanəlik simvolu…
Elin-obanın müdrik ağsaqqallarını palıd ağacına bənzədirlər. Meşədə palıd ağacı yıxılanda bütün ağaclar titrəyir.
Elin sevimlisi dünyadan köçəndə el “yetim” qalır.
O da palıd ağacına bənzəyirdi…
Mərd, qürurlu, əyilməz, ədalətli…
Rasim Balayev də evdən yox, eldən getdi. Torpağın altına sinəsində bir xəzinə apardı. Qiyməti ölçüyə gəlməyən bir xəzinə…
Qeyrət xəzinə, mərdlik xəzinəsi, ləyaqət xəzinəsi…
O, Azərbaycan kinosunun, incəsənətinin, mədəniyyətinin sütunu idi…
Yıxıldı o sütun…
Yaşının ahıl vaxtında son dərəcə rabitəli, məntiqli, yumorlu söhbəti ilə hamını heyran edirdi.
Mən söz, qələm sahibiyəm, məni sözlə təəccübləndirmək qeyri-mümkündür, amma Rasim Balayev insanları təkcə yaratdığı obrazlarla yox, həm də öz sözü ilə heyrətləndirə bilirdi. İnsan bu aktyorla, səhnə və kino fədaisi ilə səhərdən axşama qədər söhbətləşsə, onu dinləməkdən yorulmazdı.
Allah sənə rəhmət eləsin, gözəl insan, əvəzolunmaz aktyor! Nur içində yatasan, Azərbaycanın əzizi, Rasim Balayev!
İnanmıram, Azərbaycanda elə bir insan ola ki, sənin yoxluğunu qəbul etsin! Sən varsan, sən yaşayacaqsan, nə qədər ki Azərbaycan kinosu var!
Sənin əzəmətin, böyüklüyün qarşısında ehtiramla baş əyirik!
Məsnəvi
Bir insan köç etdi dünyadan bu gün,
Bir elin qaşına vuruldu düyün.
“Əlvida”, – söylədi dünyaya Rasim,
Adı bu dünyada qalacaq daim.
Yaddaşında getdi söz xəzinəsi,
Sinəsi Bədəxşan ləl dəfinəsi.
Bu gün sona çatdı bir ömür payı,
Yıxıldı bir nəslin qəsri-sarayı.
Ey “Nəsimi”, “Babək”, nur içində yat,
Yatan vicdanları yuxudan oyat!
Nə tez köçmək oldu sənin qərarın,
Qaldı dəyanətin, qaldı vüqarın.
Bu qoca dünyaya: “Əlvida”, – dedin,
Allah dərgahına üzüağ getdin.
Munis göz yaşını leysan eylədi,
Bu şeiri Rasimə ehsan eylədi.
Qəzəl
Belə göndərdi fələk qismətini,
Görmədim dəhrdə heç nisbətini.
Səni xəlq etdi Xuda Hatəmə tay,
Bəxş edə indi sənə rəhmətini.
Tutmusan indi üz üqbayə, Xuda,
Az edə qəbir evində möhnətini.
Ömür edib daima mərdanə kimi
Kəsmədi kimsədən o diqqətini.
Sözü gövhər, dili baldan da şirin,
Bəxş edir insana öz ülfətini.
Munisin niyyəti vardır, Yaradan
Edə qismət sənə kaş cənnətini.
29.03.2026
Gülarə Munis
AYB və AJB üzvü



