Ədəbiyyat Xəbərlər

Ağa Laçınlıdan şeirlər

Ağa Laçınlı çağdaş Azərbaycan poeziyasının özünəməxsus səsi olan şairlərdən biridir. Onun yaradıcılığında vətən sevgisi, insanın daxili dünyası və həyatın fəlsəfi qatları əsas yer tutur. Sadə, amma təsirli ifadə tərzi ilə oxucunu düşündürməyi və duyğulandırmağı bacaran Ağa Laçınlının şeirləri səmimiyyəti və həyatiliyi ilə seçilir. Təqdim olunan şeirlərdə də bu ruh və poetik baxış aydın şəkildə hiss olunur.

Arzu

Mən bahar yolçusuyam,
Arzular yolçusuyam…
Bağın sonrakı barı
Arxdakı suyla gəlir.
Xoşbəxtliksə insana
Əvvəl arzuyla gəlir…

Biz

Biz bəzən də uzaqda yox,
özümüzdə gizlənirik,
Eyiblərə göz qapayıb –
gözümüzdə gizlənirik.
Biz nədənsə inanmayıb gücümüzə
Ondan-bundan güc umuruq.
Özgələrdən tez umuruq,
özümüzdən gec umuruq.
Vaxt olur ki,
gizlənirik
biz dostların arasında,
heç dəniz də gizlənərmi dalğasında?..
Bizimlədir qələm, kağız olsaq harda.
Eh, yanmağa nə var axı, misralarda?..
Bazarımız kasad deyil istedaddan,
Biz bəzən də istedadda gizlənirik.
İçimizdə sönən odda gizlənirik…
Çiynimizdən gəlib keçir
əsrin bütün ağırlığı,
Çoxlarımız peşə edib
fağırlığı.
Biz beləyik:
uzaqda yox,
özümüzdə gizlənirik.
Eyiblərə göz qapayıb
gözümüzdə gizlənirik…

Belə dəb düşə

İnsan tez götürə insan ərkini,
Heç kimsə dönməyə qorxulu devə.
Ağıllı dəlini, gözəl çirkini,
Ağgün qaragünü bəyənib sevə.

Hamı gözəlləşə çiçəklər kimi,
Qar çiçək bitirə, qış da yaz ola.
Hamıya tuş gələ könül həkimi,
Ağrı qərib düşə, nisgil azala.

Boyalar birləşə, kinlər silinə,
Nə yollar ayrıla, nə də göz dola.
Axa sevinc çayı yanğı gölünə,
Qəbirin özünə qəbir qazıla.

İnsan can qurtara yaman yalandan,
Alın yazıları yaxşı yazıla.
Dilək asılmaya dünya malından,
Duyğu satılmaya sarı qızıla.

Varlının qızları kasıba gedə,
Atalı oğlanlar yetim qız ala.
Belə bir dəb düşə bütün ölkədə,
Nə ara pozula,
nə söz yozula.

Belə bir dəb düşə,
hamı bölüşə; –
Dünyanın yazığı, bəlkə, azala.
Bu qaragünlüsü,
dağ-düyünlüsü,
ürəyi qazığı, bəlkə, azala…