Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində satirik-yumoristik gecə

Beynəlxalq Muğam Mərkəzində “Biraz da özümüzdən danışaq” adlı satirik-yumoristik konsert-tamaşa təşkil edilib.

“Füyuzat“ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, şair-yazıçı İlqar Fəhmi satira və yumorun cəmiyyətin güzgüsü olmaqla yanaşı, insanları düşündürən və onları özlərinə kənardan baxmağa vadar edən təsirli vasitələr olduğunu bildirib. Onun sözlərinə görə, bu cür layihələr ictimai problemlərin daha yumşaq, lakin təsirli formada təqdiminə imkan yaradır və tamaşaçı ilə səmimi ünsiyyət qurulmasına xidmət edir.

Konsert boyu səhnələşdirilən satirik çıxışlar, yumoristik monoloqlar gündəlik həyatımızda tez-tez rastlaşdığımız sosial məsələlərə fərqli və gülüş dolu prizmadan baxmaq imkanı yaradıb.

Gecədə Əməkdar artist, qanun ifaçısı Çinarə Mütəllibova, eləcə də digər tanınmış musiqiçilər – Rəvan Qaçayev, Nurlana Abdullayeva, Vəfa Vəzirova, Hüseynağa Aslanov, Nicat Aslanov, Cəfər Həsənov, Xəyal Əliyev və Hüseyn Nağıyev çıxış ediblər.