Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC-nin təşkilatçılığı ilə 13-17 may tarixlərində IX ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və “Yaradıcı Mərkəz”in dəstəyi ilə təşkil olunacaq festival bu dəfə də animasiya sahəsində peşəkarlarla həvəskarlar arasında körpü yaradacaq, sənət mübadiləsi vasitəsilə yeni layihələrin yaranmasına vəsilə olacaq.
ANİMAFİLM festivalı çərçivəsində tədbirlər Nizami Kino Mərkəzi, “Suraxanı” gəmi-muzeyi və “Fluxus Space” qalereyasında keçiriləcək.
ANİMAFİLM festivalının direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevin sözlərinə görə, festival zamanı tamaşaçılar zəngin müsabiqə və müsabiqədənkənar proqramları izləyəcək, xarici animasiya müəllifləri ilə görüşəcək, “İsi və Piti” uşaq animasiya serialının, “Yulaf dönərgə” qısametrajlı animasiya filminin premyeralarına şahid olacaqlar.
Festival çərçivəsində “ANİMAFİLM School: Stop-motion” ustad dərsi, yerli və xarici animasiya layihələrinin 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsi təşkil olunacaq, “ANİMAFİLM” jurnalı, eləcə də “OSCAR” və “BAFTA” mükafatlarına layiq görülmüş animasiya filmlərinin təqdimatı olacaq.
R.Ağamalıyev bildirib ki, bu il festivalın coğrafiyası daha da genişlənib. Festivala 60-dan çox ölkədən 437 animasiya filmi göndərilib. Rəsmi müsabiqə proqramına 20 ölkəni təmsil edən ümumilikdə 31 film daxil edilib. Seçilmiş filmlər həm vizual zənginliyi, istifadə olunan innovativ animasiya texnikaları, həm də toxunduğu qlobal və lokal mövzuların dərinliyi ilə fərqlənir.
Festivalın builki tərəfdaşları Nizami Kino Mərkəzi, “Nine Senses”, “Fluxus Space”, “British Council”, “Azərbaycan dili” platforması, “Şekerci Cafer Erol”, “Eminence – Events & Catering”, “Almond”, “Cuppa Coffee”, “Dynamic Box”, “Kinobiz”, “OB Film”, “KYNO”, “FAMU”, eləcə də Niderland, Kanada və Çexiyanın ölkəmizdəki səfirlikləridir.
Festivalın proqramı ilə daha ətraflı www.animafilm.az saytı vasitəsilə tanış ola bilərsiniz.
Biletlərin satışı “Tripsome” platforması üzərindən həyata keçirilir.
Qeyd edək ki, 2018-ci ildən etibarən hər il təşkil etdilən ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının əks-sədası paytaxtla yanaşı, ölkəmizin regionlarına da yayılır. 2021-ci ildən başlayaraq müvafiq olaraq “ANİMAFİLM Şəkidə”, “ANİMAFİLM Naxçıvanda”, “ANİMAFİLM Lənkəranda”, “ANİMAFİLM Gəncədə”, “ANİMAFİLM Lənkəranda”, “ANİMAFİLM Xankəndidə”, “ANİMAFİLM Laçında” festivalları keçirilib. Bu il növbəti dəfə ANİMAFİLM festivalı gəncəlilərin qonağı olacaq.
Onu da əlavə edək ki, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA festivalları siyahısı”na daxil edilib.






