Ədəbiyyat Xəbərlər

Fernando Pessoa – “Sürülərin çobanı” silsiləsindən

Fernando Pessoa – portuqaliyalı şair, yazıçı, tərcüməçi, filosof-esseist, dramaturq. Cəmisi qırx yeddi il yaşamağına baxmayaraq, iki dildə (portuqal və ingilis) çoxsaylı əsərlər yaradıb, ölkəsində avanqard ədəbiyyatın əsasını qoyub. Sağlığında cəmisi bir kitabı çap olunan Pessoanın ölümündən sonra evindən iyirmi beş mindən çox əlyazması tapılıb. Çoxsaylı təxəllüslərdən əlavə (bəzi mənbələrə görə, yetmiş iki, bəzi mənbələrə görəsə yüz otuz altı imza ilə yazıb), Pessoa dünya ədəbiyyatına üç heteronim qazandırıb. Heteronimlər uydurma olsa da, hərəsinin öz fəlsəfəsi, öz yazı tərzi, öz düşüncəsi, hadisələrə öz baxışı, hətta öz uydurma bioqrafiyaları vardı.

Alberto Kaeyro

“Sürülərin çobanı” silsiləsindən

Günəbaxan kimi itidir baxışım
Çox vaxt yollarda gəzirəm
Sağa, sola, hərdən də dönüb
arxaya baxaraq…
Hər an gördüyüm şeyi
Əvvəllər heç görməmişəm,
Bu mövzuda diqqətliyəm.
Bilirəm bir uşağın doğulanda
Hiss etdiyi çaşqınlığı.
Hiss edirəm hər an dünyanın
O sonrasız yeniliyinə doğulduğumu…

İnanıram dünyaya, bir çobanyastığına inandığım kimi,
Çünki görürəm onu, amma fikirləşmirəm.
Çünki fikirləşmək başa düşməkdir…
Onu fikirləşməyimiz üçün deyil,
(Fikirləşmək  yaxşı görməməkdir)
Biz ona baxaq və onunla harmoniya yaradaq deyə
Yaradılıb dünya.
Fəlsəfəm yox, duyğularım var mənim…
Təbiətdən danışıramsa, onu başa düşdüyüm üçün yox,
Sevdiyim üçün danışıram, onu sevməyimin səbəbi isə
Sevənin nəyi sevdiyini, nə üçün sevdiyini
Və sevginin nə olduğunu bilməməsidir.

Sonu olmayan bir məsumiyyətdir sevmək,
Yeganə məsumiyyət də heç fikirləşməmək.

Tərcümə: Həmid Piriyev
Mənbə: “Ədəbiyyat” qəzeti.