Xəbərlər

Kəlağayı sənətinin gözəlliyi Bakıda festival ab-havası yaradacaq

Mayın 22-də Xətai Rayon İcra Hakimiyyəti, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı ev muzeyi”nin birgə təşkilatçılığı ilə rayondakı Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində III Kəlağayı Festivalı keçiriləcək.

“Füyuzat“ xəbər verir ki, bu barədə AZƏRTAC-a “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyindən məlumat veriilib.

Bildirilib ki İctimai Birliyin təşəbbüsü ilə ənənə halını alan festival Azərbaycan xalq tətbiqi sənətinin incilərindən olan milli kəlağayı sənətinin təbliği, yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Builki festival ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq milli irsimizin şəhər mədəniyyəti, memarlıq estetikası və şəhərsalma mühiti ilə vəhdəti mövzusuna xüsusi diqqət ayıracaq.

Festival çərçivəsində “Kəlağayı ev muzeyi”nin qədim kəlağayıları, milli baş geyimləri, zəngin eksponatları və İctimai Birliyin rəhbəri Güllü Eldar Tomarlının dekorativ tətbiqi sənətinə aid əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri nümayiş etdiriləcək, həmçinin milli musiqi və folklor nümunələrindən ibarət konsert proqramı təqdim olunacaq. Tədbirdə eyni zamanda İsmayıllı və Basqal ustalarının istehsal etdiyi müxtəlif çeşidli kəlağayıların sərgisi və satışı təşkil ediləcək.

Festivalın əsas məqsədlərindən biri milli-mənəvi dəyərlərimizin qorunması ilə yanaşı, Azərbaycan mədəniyyətinin estetik zənginliyini və milli sənət nümunələrinin müasir dövrdə yaşadılmasının əhəmiyyətini ictimaiyyətə çatdırmaqdır.