Xəbərlər

Azərbaycan Yazıçılar Birliyində Nazim Rizvanın 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ötən gün (18 may 2026-cı il) Azərbaycan Yazıçılar Birliyində şair, ədəbiyyatşünas alim, tərcüməçi və pedaqoq Nazim Rizvanın 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Xaqani küçəsi 53 ünvanında təşkil olunan tədbirdə 1951–2003-cü illərdə yaşamış yubilyarın həyat və yaradıcılığı yad edilib.

“Füyuzat” xəbər verir ki, tədbiri Nazim Rizvanın vaxtilə elmi rəhbərlik etdiyi aspirantı, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, dosent Esmira Fuad açıb. O, giriş nitqində alim, şair, tərcüməçi və pedaqoq Nazim Rizvanın həyat yolundan, elmi və bədii yaradıcılığından geniş bəhs edib.

Daha sonra çıxış edən Əməkdar mədəniyyət işçisi, tənqidçi Vaqif Yusifli şairlə bağlı xatirələrini bölüşüb, onun əsərlərinin tədqiqi və geniş şəkildə təbliğinin vacibliyini vurğulayıb.

“AzTV”nin ali dərəcəli rejissoru Natiq Cavadzadə də tədbirdə çıxış edərək Əli Tudə Ədəbi Məclisinin yetirmələrindən olan Nazim Rizvanla bağlı xatirələrini danışıb. O, Əli Tudə haqqında nəşr etdirdiyi kitabda yubilyarın altı məqaləsinə və iki şeirinə yer verdiyini bildirib.

Krım radiosunda 25 il fəaliyyət göstərmiş Həbib Əliyev şair haqqında Azərbaycan dilində “Qobustan” verilişində səsləndirdiyi məlumatdan və beş şeirinin dərc olunduğu kitabdan söz açıb.

Sabunçu rayonu 187 saylı orta məktəbin direktor müavini Ülvət müəllim isə vaxtilə Nazim Rizvanla eyni məktəbdə çalışdığını xatırladaraq bununla fəxr etdiyini söyləyib. O, şairin “Analar, laylayı astadan deyin” şeirini əzbər səsləndirib.

Vaxtilə şairin çalışdığı şöbədə işləmiş şairə-alim Qiymət Məhərrəmli də çıxış edərək Nazim Rizvanın bədii irsinin daha geniş şəkildə təhlil olunmasının vacibliyini qeyd edib.

Sonra şairin bacısı Xuraman Rizvan, övladı Günel Ələsgərova-Rizvan və yaxın qohumu Sevinc Rzayeva onunla bağlı xatirələrini bölüşüblər. Qiraətçi Cəbrayıl Qəmbər isə tədbirdə şairin lirik şeirlərini səsləndirib.

Sonda xatirə şəkilləri çəkilib.