Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniyanın Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.
“Füyuzat” xəbər verir ki, sənəd Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) çərçivəsində imzalanıb.
Sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhər inkişafı naziri Muthoni Vahome imzalayıblar.
Memorandum inteqrasiya olunmuş şəhər və ərazi planlaşdırılması, dayanıqlı urbanizasiya, memarlıq, mənzil siyasəti və müasir şəhər inkişafı yanaşmaları üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlib. Sənəd, həmçinin torpaq istifadəsi və şəhərsalma sahəsində təcrübə mübadiləsini, “ağıllı” və dayanıqlı şəhər həllərinin təşviqini, eləcə də beynəlxalq təşəbbüs və platformalarda əməkdaşlığı nəzərdə tutur.
Sənədin imzalanması tərəflərin dayanıqlı urbanizasiya, ərazi planlaşdırılması və müasir şəhər infrastrukturunun inkişafı sahələrində uzunmüddətli əməkdaşlığa, qabaqcıl təcrübə mübadiləsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə qarşılıqlı marağını təsdiqləyir.
Görüşdə Azərbaycanın Keniyadakı səfiri, BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev də iştirak edib.
Səfər çərçivəsində Keniya nümayəndə heyəti WUF13 Urban Expo sərgisində təqdim olunan Azərbaycan Pavilyonu ilə də tanış olub. Pavilyonda ölkənin dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi müasir yanaşmalar, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində aparılan bərpa layihələri, “Ağıllı şəhər” və “Ağıllı kənd” həlləri, eləcə də mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslər nümayiş etdirilib.



