Xəbərlər

Azərbaycan VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunur

İstanbulda VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalına start verilib.

“Füyuzat” xəbər verir ki, Dünya Etnosport Konfederasiyası tərəfindən bu il “Dünya burada” mövzusunda təşkil olunan festival ənənəvi idman növlərini, mədəni irsi və ictimai dəyərləri eyni çətir altında bir araya gətirərək iştirakçılara çoxşaxəli təcrübə təqdim edəcək.

Hər il artan maraqla qlobal miqyasda böyüyən festival bu il də müxtəlif coğrafiyalardan iştirakçıları İstanbulda da bir araya gətirərək mədəniyyətlərarası qarşılıqlı əlaqənin güclü platformalarından biri olacaq.

Builki tədbirdə ölkəmiz Türkiyədəki səfirliyimizin nəzdindəki “Zəngəzur” rəqs qrupu, “Natiq” ritm qrupu və Nuray Hacızadə tərəfindən təmsil olunacaq, iştirakçılar Azərbaycanın milli idman növü zorxana ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Festivalda, həmçinin Yaponiya, Qazaxıstan, Litva, Rusiya Qırğızıstan kimi ölkələri əhatə edən geniş coğrafiyadan ənənəvi idman növləri, oyunlar və mədəni nümayişlər yer alacaq. Bununla yanaşı, iştirakçılar oxatma və atçılıq kimi ənənəvi idman növlərini sınaya, emalatxana sahələrində isə istehsal prosesinin bir hissəsi olaraq mədəni irslə birbaşa təmas qura biləcəklər. Festival ərazisi, sadəcə izlənilən deyil, yaşanan bir mədəniyyət atmosferinə çevriləcək. Ənənəvi idman və oyunlar, səhnə sənətləri, əl işləri və qastronomiya sahəsində təqdim olunan məzmunlar milli dəyərləri təcrübə ilə birləşdirəcək. Eyni zamanda, iştirakçılar festival ərazisində təşkil olunan emalatxanalarda ənənəvi sənətlər barədə təcrübə qazanacaqlar.

Ziyarətçilər festival boyunca ənənəvi idman növləri, yerli dadlar və oyunlarla yanaşı, təbiət və heyvanlarla ünsiyyət kimi mövzularda da məlumat əldə edə biləcəklər. Hər ölkənin öz mədəni toxumasını əks etdirən tədbirlər ənənəvi həyat tərzindən sənətə qədər geniş perspektiv ortaya qoyacaq. Qurulan oba sahələri, qıl çadırları və tematik təcrübə zonaları sayəsində ziyarətçilər müxtəlif xalqların ənənəvi həyatının izlərini yaxından müşahidə etmək imkanı əldə edəcəklər.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən Dünya Etnoidman Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan bu festivalı təkcə bir idman tədbiri deyil, mədəniyyətin canlanması kimi qiymətləndirib.

Bildirilib ki, 2015-ci ildə Qırğızıstanda fəaliyyətə başladıqdan bəri etnoidman regional səydən beynəlxalq hərəkata çevrilib.