Xəbərlər

Eşitmə Məhdudiyyətli Şəxslərin II Mədəniyyət Festivalı keçiriləcək

İyunun 4-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Eşitmə Məhdudiyyətli Şəxslərin II Mədəniyyət Festivalı keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyi, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi və “Karlara Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Əsas məqsəd eşitmə məhdudiyyətli şəxslərin yaradıcılıq potensialını üzə çıxarmaq, onların incəsənət və mədəniyyət sahəsində bacarıqlarını nümayiş etdirmək, eyni zamanda inklüziv cəmiyyətin formalaşmasına töhfə verməkdir.

Festival çərçivəsində tədbir eşitmə məhdudiyyətli rəssamların və fotoqrafların sərgisi, həmçinin əl işlərinin təqdimatı ilə başlayacaq. Bununla yanaşı, eşitmə məhdudiyyətli kulinarların hazırladığı müxtəlif qida nümunələrinin nümayiş olunacağı inklüziv kulinariya sərgisi də təşkil ediləcək.

Hazırlıq mərhələsində Bakı şəhəri 2 və 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəblərinin eşitmə məhdudiyyətli şagirdləri təşkilatçılar tərəfindən təyin olunan xoreoqrafların, jest dili mütəxəssislərinin iştirakı ilə müxtəlif rəqs və səhnə nömrələri üzərində məşqlər aparırlar. Bu hazırlıq prosesi uşaqların bacarıqlarını inkişaf etdirməsinə və səhnə təcrübəsi qazanmasına imkan yaradır.

Festival çərçivəsində ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tərəfindən Viktor Hüqonun Paris Notr-Dam əsəri əsasında hazırlanan “Paris Notr-Dama ithaf” tamaşasından bir hissə xüsusi tərtibatda təqdim olunacaq. Səhnə teatrın peşəkar aktyorları ilə yanaşı, eşitmə məhdudiyyətli şəxslərin iştirakı ilə jest dilində nümayiş etdiriləcək. Bu təqdimat inklüziv teatr nümunəsi kimi festivalın ən yaddaqalan məqamlarından biri olacaq.

Proqramda, həmçinin 100-ə yaxın eşitmə məhdudiyyətli uşaq və gənc Xalq artisti Alim Qasımov, Xülfiyyə Xanbabayeva, Əməkdar artistlər Fərqanə Qasımova, Dilarə Əliyeva, tanınmış sənətçilər Mərdan Kazımov, Orxan Zeynallı və Tofiq Kazımovla birlikdə hazırlanmış inklüziv səhnə nömrələri, musiqili çıxışlar, rəqs kompozisiyaları və müxtəlif incəsənət nümunələri ilə çıxış edəcəklər.

Qeyd edək ki, Eşitmə Məhdudiyyətli Şəxslərin II Mədəniyyət Festivalı cəmiyyətin bütün üzvlərini bir araya gətirərək fərqli bacarıqlara malik insanların mədəniyyət və incəsənətdə bərabər iştirak imkanlarını nümayiş etdirməyi hədəfləyir.