Xəbərlər

Elektron Təhlükəsizlik Xidmətinin əsasında “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb

Elektron Təhlükəsizlik Xidmətinin əsasında “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Nazirliyin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb. 

“Füyuzat” ın məlumatına görə, yeni Agentlik ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarəti həyata keçirəcək, informasiya infrastrukturunun dayanıqlılığının artırılması, kibertəhlükələrin aşkarlanması və qarşısının alınması, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlərin görülməsi, fərdi məlumatların mühafizəsi, eləcə də əhalinin və təşkilatların maarifləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Fərmana əsasən, Milli Kibertəhlükəsizlik Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı Agentliyə keçir. Agentliyin fəaliyyətinə sədr və üç müavindən ibarət İdarə Heyəti rəhbərlik və nəzarət edəcək. 

Sənədlə, həmçinin bir sıra normativ hüquqi aktlara dəyişiklik edilib, Elektron Təhlükəsizlik Xidməti ilə bağlı müddəalar yeni yaradılan Agentliyə uyğunlaşdırılıb. 

Prezidentin Fərmanı ilə Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib.