Füyuzat 148 Ülviyyə Rəhman Xəbərlər

Qarabağ ədəbi mühitinin yetirməsi

Dövrünün istedadlı şairi, XIX əsrin sonu – XX əsrin birinci yarısında yaşamış, Qarabağ ədəbi mühitinin yetirməsi, zəngin bədii yaradıcılığa malik tərcüməçi, ziyalı İbrahim Tahir Əbdül oğlu Musayev 1869-cu ildə Şuşa şəhərində tacir ailəsində anadan olmuşdur.

İlk təhsilini Şuşada – Çuxur məhəlləsi yaxınlığında, Molla Əli xəlifənin məktəbində alır. Burada ərəb və fars dillərini, Şərq şair və mütəfəkkirlərinin əsərlərini, klassik muğamları, Şərq musiqi nəzəriyyəsini mükəmməl öyrənməsi onda ədəbiyyata və poeziyaya böyük maraq yaradır.

O, tez-tez məktəbdə keçirilən şeir və muğam müsabiqələrində, Qarabağın mədəni və ictimai həyatında mühüm hadisəyə çevrilən xalq və şəbeh tamaşalarında, dini mərasimlərdə iştirak etməklə poetik təfəkkürünü inkişaf etdirir.

XIX əsr Qarabağ ədəbi mühitində böyük nüfuza malik olan təzkirəçi Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” əsərində şeir-sənət ocağı Şuşa şəhərində dünyaya gəlmiş şairi şəxsən tanıdığını, onun Tahir təxəllüsü ilə şeirlər yazdığını qeyd etmişdir. Nəvvab 1892-ci ildə tərtib etdiyi təzkirədə onun farsca iyirmi iki, azərbaycanca isə dörd şeirini versə də, həmin təzkirənin 1913-cü ildə çap edilən nüsxəsində şair haqqındakı məlumatı qismən dəyişdirmiş və biri farsca, digəri isə azərbaycanca iki şeirini təqdim etmişdir. İyirmi yaşından poeziya ilə məşğul olmağa başlayan gənc İbrahim yaradıcılığının ilk illərində müxtəlif üslubda satirik şeir, qəzəl və həcvlər yazmışdır.

İbrahim Tahirin atası Əbdül kişi ədəbiyyat və musiqiyə meyilli olsa da, külfətini dolandırmaq üçün daha çox ticarətlə məşğul olub. Elə İbrahim də atası vəfat edəndən sonra bir müddət ticarət işlərində qardaşı Yusifə yardımçı olur. Lakin o, ömrü boyu tacir olaraq qalmamışdır, həm də ədəbi-ictimai mühitdə yeni ruhlu müəllim kimi tanınmışdır. Şair haqqında arxiv sənədlərindən məlum olur ki, o, 1920-ci ildə Şuşa qəzasının maarif müdirinə ərizə ilə müraciət edərək müəllim vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Maarif müdirinin bu ərizəyə cavabı gecikməmiş, 1920-ci ilin 18 dekabrında belə bir əmr imzalanmışdır: “…Şuşa “Nərimaniyyə”, “Bünyadiyyə” və “Kəmaliyyə” zükur məktəbinə tarix müəllimi təyin olunursunuz”. Əmrdən üç gün sonra isə ona adıçəkilən məktəblərdə tarix müəllimi vəzifəsində işləməsi barədə vəsiqə verilmişdir. 8 dekabr 1922-ci ildə Şuşa Qəzası Maarif Şöbəsinin digər bir məktubunda isə İbrahim Tahir Musayevdən Şuşa birinci ünas (qızlar) məktəbinin 4-cü sinfində tarix dərsi deməsi xahiş olunur. Lakin 1923-cü ilin yanvar ayınadək faziləsiz tarix müəllimliyi ilə məşğul olmuş İbrahim Tahir, güman ki, qeyd olunan illərdə Bakıya köçməsi ilə əlaqədar bu fəaliyyətini uzun müddət davam etdirə bilməmişdir. Şairin kiçik oğlu Əli Musayevin tərcümeyi-halında qeyd edilib: “1926-cı ildə Berlində təhsilini bitirmiş qardaşım Cəmil Şuşaya gələrək bütün ailəmizi Bakıya köçürdü”. Güman ki, İbrahim Tahir də məhz bu hadisədən sonra paytaxtda ailəsi ilə birgə yaşamağa davam etmişdir. O, Bakıda yaşadığı müddətdə ədəbi ictimaiyyətlə sıx əlaqə yaratmış, dövrün bir sıra mütərəqqi düşüncəli görkəmli şəxsiyyətləri ilə yaxın dostluq əlaqəsində olmuşdur.

Bir ziyalı kimi hələ gənclik illərindən elmə, maarifə dərin rəğbət bəsləmiş İbrahim Tahir həm də mətbuat orqanlarına böyük maraq göstərmişdir. Məhz bu marağın nəticəsi olaraq o, XX əsrin əvvəllərində Bakıda nəşr olunan əksər qəzet və jurnallarla əlaqə yaradaraq ardıcıl olaraq həm publisistik məqalələri, həm də kəskin ruhlu, ictimai məzmunlu şeirləri ilə həmvətənlərini geriliyə qarşı mübarizəyə səsləməklə yanaşı, milli-istiqlal arzularını tərənnüm etmişdir.

İlk olaraq “Qarabağdan” adlı məqaləsi ilə “Şərqi-Rus”da çıxış edən İbrahim Tahir sonralar “İrşad”, “Füyuzat”, “Səda”, “Tazə həyat”, “Dəbistan” kimi tanınmış mətbu orqanlarının ən fəal yazarlarından olub. Hətta “Füyuzat” jurnalının 12 iyun 1907-ci il tarixli 19-cu sayında yazılır ki, “İrşad” qəzeti qarabağlı şair Tahir Musayevin “həman hər gün bir şeirini” nəşr edir. Həmin nömrədə Əhməd Kamal Tahir Musayevin “İrşad”da yayımlanan bəzi şeirlərini tənqid edir. Düşünürük ki, yerində tənqidlər şairin yaradıcılığının təkmilləşməsində yararlı olmuşdur. İbrahim Tahir həm də “Şərqi-Rus” qəzetinin Qarabağ üzrə müxbiri olmuşdur. O, əsasən, “Qarabaği”, “İbrahim Tahir”, “Tahir”, “Şuşi”, “İbrahim Tahir Şuşi” imzaları ilə yazırdı. Tədqiqatçı Məhəmməd Nuru oğlunun araşdırmalarına görə, “Molla Nəsrəddin” jurnalında “Nofəl” təxəllüsü ilə çıxış edən də məhz İbrahim Tahir olmuşdur. Qulam Məmmədlinin “İmzalar” kitabından isə aydın olur ki, şair “Ağcaqanad”, “Şahdəyi”, “Tərəqqi”, “Şişeyi” və s. imzalarla “Tərəqqi”, “Sədayi-həqq”, “Yeni kənd” kimi mətbu orqanlarda da publisistik yazıları, tənqidi-satirik, maarifçi-tərbiyəvi şeirləri ilə çıxış etmişdir.

İbrahim Tahirin ədəbi irsinə poetik əsərləri – qəzəl, qəsidə, mürəbbe, müxəmməs, müsəddəs, təzmin, tərcibənd, tərkibbənd, məsnəvi və rübailəri, müxtəlif məzmunlu əsərləri, mənzum məktubları, sabiranə şeirləri daxildir. Bu əsərlərin əksəriyyəti klassik üslubda yazılmış lirik şeirlər olsa da, onun yaradıcılığında azadlığa, milli həmrəyliyə, istiqlala səsləyən şeirlər də az deyil.

İ.T.Musayevin “Füyuzat”la əməkdaşlığı 26 noyabr 1906-cı il tarixli 3-cü nömrədə dərc edilən “Təbrik və izhari-təşəkkür” adlı şeiriylə başlayır. Belə bir jurnalın çap edilməsinə ürəkdən sevinən şair yazırdı:

Çoxdan var idim talibi-didari-Füyuzat,

Nagah bürüdü qəlbimi ənvari-Füyuzat!

Yeni təsis edilmiş bu məcmuənin oxucuları elm və ədəbə sövq edəcəyini vurğulayan şair əlavə edir:

Gülzari-vətəndə açılıb bir güli-irfan,

Ənbər saçıyor millətə güftari-Füyuzat.

Xalqı üçün azadlığı ən böyük nemət hesab edən şair “Füyuzat”ın 8 dekabr 1906-cı il tarixli 4-cü sayında “İnsanlara xitab”ında deyirdi:

Verir hər yerdə qanun olsa insaniyyət insana,

Cahanda ən gözəl nemətdir hürriyyət insana.

Tərəqqidən qalır bibəhrə qanun olmayan kişvər,

Düşər izzü şərəfdən cəhlü qəflətlə dolan kişvər,

Tənəzzül kəsb edər nik ilə bəd yeksan olan kişvər,

Musavat olsa, vallahi olar məhdi-aman kişvər,

Fərəh iras edər qanda ola əmniyyət insana.

İbrahim Tahir oxucusuna etiraf edir ki, onu həmişə narahat edən ən böyük dərdi xalqının, millətinin taleyidir:

Xəyali-mülkü millətdir, əgər sorsan, bənim dərdim,

Bilirsənmi, nədir fikrü xəyali-millət insana?

Şair “Füyuzat” dərgisinin 3 mart 1907-ci il tarixli 11-ci sayında oxucularının görüşünə “Nəğmeyi-fəryad” şeiri ilə gəlir:

Söz ol sözdür ola bahis bəqayi-mülkü millətdən,

Mərarət məzc olunmuş kaseyi-şəhdabdən fəryad.

İbrahim Tahirə görə, insana səadət yolunu göstərən, onu xoşbəxtliyə aparan vətən məhəbbətidir. Şair həm də Şuşa və Təbrizdə baş verən qırğınlara göz yummamış, şeirlərində vətənin səsini daim ucaltmışdır.

XX əsrin 30-cu illərindən etibarən klassik Şərq və klassik Azərbaycan şairlərinin irsinə münasibətin müsbət mənada dəyişməsi tərcümə sənətinin inkişafına da güclü təkan verdi. Fars dilini mükəmməl bilən İbrahim Tahir bu prosesin fəal iştirakçılarından birinə çevrildi. Onun Firdovsinin “Şahnamə” əsərindən tərcümə etdiyi bir neçə dastan 1934-cü ildə çap olunub. Dastanların hərfi təcüməsi ilə yanaşı, onların Azərbaycan dilində nəzmə çəkilməsi də İbrahim Tahirə həvalə edilmişdi. Ardınca isə Firdovsi, Xaqani, Nizami, Nəvai, Xəyyam və digər klassiklərdən tərcümələr də istedadlı şai­rin öhdəliyinə verildi. O, ömrünün son günlərinə qədər sevdiyi bu peşədən ayrılmadı.

Şeirlərində vətən və millət dərdini oxucuya çatdıran şair 1919-cu ildə yaradılan “Yaşıl qələmlər” ədəbi cəmiyyətinin üzvlərindən biri olmuşdur. Lakin İ.Tahir sovet dövrünün ədəbi hərəkatlarından kənarda qalmış, onu Yazıçılar İttifaqına üzvlüyə qəbul etməmişdilər.

Müasirlərindən fərqli olaraq zəngin və çoxcəhətli yaradıcılığa malik olan İbrahim Tahirin hansı səbəblərdənsə poetik irsi və publisistikası sağlığında kitab halında nəşr olunmamış, yalnız ölümündən 70 il sonra poetik əsərləri müxtəlif mətbuat orqanları və arxivlərdən toplanaraq işıq üzü görmüşdür.

Onu da qeyd edək ki, İbrahim Tahirin ilk həyat yoldaşı Bilqeyis xanımla olan izdivacından Cəmil, Əziz, Fatma və Tovuz adlı dörd övladı vardı. Bilqeyis xanımın vəfatından sonra isə Nuşafərim xanımla ailə qurmuş, bu evlilikdən şairin Əli adlı oğlu dünyaya gəlmişdir. Bütün övladlarının təhsil alması üçün əlindən gələni əsirgəməyən, şeirlərində bəhs etdiyi kimi, onları elm və irfan sahibi kimi görmək istəyən şairin oğlanlarından Cəmil təhsilini Berlində başa vurmuş, Əziz Mos­kvada mühəndis-iqtisad fakültəsindən məzun olmuş, kiçik oğlu Əli isə kinematoqraf kimi çalışmışdır. Lakin övladlarının uğurları ilə fərəhlənən atanın xoşbəxt günləri uzunmüddətli olmayıb. 1941-ci ildə ikinci oğlu Əzizin “əks-sovet təxribat-zərərverici təşkilatının üzvü olmaqla” suçlanaraq güllələnməsi, bu səbəbdən ailəsinin bütün mal varlığının müsadirə edilməsi, ardınca kiçik oğlu Əlinin cəbhəyə göndərilməsi və ondan da uzun müddət xəbər ala bilməməsi, müharibə şəraitində güzəranının o qədər də ürəkaçan olmaması şairin səhhətində öz izlərini qoyur, ruh düşkünlüyü və bədbinliyə düçar olmasına gətirib çıxarır. Şairin nəvəsi Akif Quliyev xatirələrində belə qeyd edir: “Nənəm deyirdi ki, Əziz tutulanda biz “Qara şəhər”də yaşayırdıq, baban üç gün dalbadal divar sobasının yanında oturub əksər əlyazmalarını orada yandırdı”. 15 il sonra, 4 avqust 1956-cı ildə Əziz Musayevə bəraət verilsə də, oğul həsrətinə dözə bilməyən atası İbrahim Tahir bu günləri görməyəcəkdi.

Maddi cəhətdən son dərəcə çətin vəziyyətdə qalan şair ömrünün son günlərində maddi güzəranını qismən də olsa, yaxşılaşdırmaq məqsədilə Yazıçılar İttifaqına üzv olmağa bir daha cəhd etmiş, 12 iyun 1943-cü il tarixində Azərbaycan SSR Yazıçılar İttifaqının sədri Səməd Vurğuna ərizə ilə müraciət etmək istəmişdir. Lakin ərizəni ünvana göndərməyə macal tapmadan həyata gözlərini qapamışdır.

Şairin yaradıcılıq nümunələri 1946-cı ildə müharibədən qayıdan oğlu Əli Musayev tərəfindən toplanaraq Respublika Əlyazmalar Fonduna təhvil verilmişdir. Bir müddət sonra isə bu əlyazmaların bir qismi (qara meşin üzlüklü üç cild) AMEA M.Füzuli adına Əlyazmalar İnstitunun arxivində saxlanılmış və böyük bir hissəsi isə (18 qovluq) Respublika Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə verilmişdir. Bu arxivlərdə şairin azərbaycanca və farsca şeirləri, klassiklərdən etdiyi tərcümələri, məqalə və tədqiqat materialları, lətifələri, rəsm əsərləri və digər əlyazmaları saxlanır. Arxiv materialları arasında diqqətçəkən nümunələrdən biri Respublika Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki 17-ci qovluqda toplanan rəsm əsərləridir. Buraya şai­rin müxtəlif boyalarla rəsm etdiyi portret və peyzaj əsərləri aiddir. Şair akvarellərinin birində Şuşanın simvolu hesab edilən xarıbülbül çiçəyini xüsusi bir zövqlə təsvir etmişdir. Əsərlərin hər birinin aşağı hissəsində rəsm edildiyi tarix qeyd edilib.

Şairin ədəbi irsinə aid nümunələr – 2013-cü ildə seçilmiş əsərləri arxivlərdən toplanaraq filologiya üzrə fəlsəfə doktorları Raqub Kərimov və Əli Məmmədbağıroğlu tərəfindən transfoneliterasiya olunmuşdur. 2017-ci ildə seçilmiş qəzəlləri və 2018-ci ildə tərcümələri nəvəsi Akif Quliyev tərəfindən toplanaraq nəşr edilmişdir. Bu məqalənin ərsəyə gəlməsinə verdiyi töhfələrə görə redaksiyamızla babası haqqında xatirələrini bölüşən Akif