İnsan bətndə ətə-sümüyə bürünərkən ana şəfqətindən də öncə ilahi mərhəməti dadır. Daha sonra anasının şəfqət və himayəsi altında dünyaya gəlir. Həyata qədəm qoyduğu ilk andan maddi qidası ana südü, mənəvi qidası isə şəfqət olur. Özü də fərqinə varmadan şəfqət və mərhəmət ruhuna hopur, qəlbinə kök salır. Bir sözlə, insanı bu həyatda mərhəmət hissi bəsləyir, böyüdür və ruhuna dərinlik qatır.
Lakin mələk kimi məsum və günahsız dünyaya gələn insan zamanla bu saf mənbədən uzaq düşərək mərhəmətsiz bir varlığa çevrilə bilir. Bəs mərhəmətə möhtac halda dünyaya gələn insanı sonradan öz fitrətindən uzaqlaşdıran, mərhəmətsizliyə sürükləyən nədir? Onun dupduru baxışlarını bulandıran, incə əllərini sərt yumruğa çevirən, fitri saflığını zədələyən və qəlbindəki gözəl duyğuları sanki qara dəlik kimi udan səbəb nədir? Bu duyğu insan fitrətinin ayrılmaz hissəsi olduğu halda, nə üçün insan özünə yadlaşır, əslindən uzaqlaşır və qəlbi daş kimi sərtləşir? Bu sualların cavabı insanın daxili aləmi ilə zahiri təsirlər arasındakı tarazlığın pozulmasında gizlidir: nəfsin istəkləri, dünyanın aldadıcı cazibəsi, unutqanlıq, mənəvi qidadan uzaqlaşma və s.
Mərhəmət insan ruhunun ən ülvi, ən dərin duyğularından biridir. Onun sayəsində insan başqalarının sevincini və kədərini duya bilir. Yeri gələndə bir tikə çörəyini bölüşür, üşüyənlə üşüyür, dərdli ilə dərdləşir, bəzən özü ehtiyac içində olsa belə, başqasını özündən üstün tuta bilir. Hər kəsə sevgi ilə qucaq açır, qəlbləri fəth etmək üçün yarışan mərhəmət insanına çevrilir. Getdikcə insanlarla mənəvi bağı daha da möhkəmlənir və başqaları üçün yaşamağın, birinin kədərini azaltmağın, sevincini bölüşməyin həqiqi zövqünü bütün varlığı ilə hiss edir.
Mərhəmət elə böyük bir qüvvədir ki, onun incə bir toxunuşu belə ən sərt qəlbləri yumşaldır, qatı düşmənçilikləri əridib yox edir. Onun hakim olduğu mühitdə sosial münasibətlər təbii şəkildə formalaşır, ictimai həmrəylik işıq kimi ruhdan-ruha ötürülür. Mərhəmət qəlbi kin, qəzəb, intiqam, ehtiras və hərisliyin əsarətindən qurtarır, insanın içində yığılan kir və ləkələri silib təmizləyir. Bu duyğu həmçinin ixtilaf və fitnələrin qarşısını alır, insanı uçuruma yuvarlanmaqdan qoruyur, cəhənnəm çuxuruna bənzəyən yerləri cənnət bağçasına çevirir.
Mərhəmət eyni zamanda ruhumuza həyat verən, varlığımıza dirilik bəxş edən can damarıdır. O, qəlbimizi ülviləşdirən ilahi cövhər, həm də rəhmətə açılan nurani pəncərədir. Mərhəmət sevgimizin və insanlığımızın saf təzahürü, Allahın “Rəhman” adının ən gözəl təcəllisidir.
Kainatın ahəngi sevgi üzərində qurulub, bu sevginin təməlini isə şəfqət və mərhəmət təşkil edir. Mərhəmət olmayan yerdə sevgi günəş işığından məhrum qalan çiçəktək solar, şəfqət də öz dəyərini itirər. Bu dəyərlər bir-birini tamamlayan, ayrılmaz əxlaqi keyfiyyətlərdir.
Qəlbində mərhəmət daşıyan insan heç bir qarşılıq ummadan sevgi və qayğıya ehtiyac duyan hər kəsə şəfqət əlini uzatmalıdır. Gücü çatdığı qədər sevgisizlikdən donmuş könülləri isitməli, tənhalıq zülmətinə qərq olanlara işıq olmalı, ümidsizlik girdabına düşənlərə təsəlli bəxş etməlidir. Mərhəmət zirvəsinə ucalan insan, günümüzdə hər nə qədər nadir görünsə də, başqalarının dərdini öz dərdi kimi hiss etməli, cəmiyyətdə ağlayanlar olduqca ürəkdən gülməməlidir. Çünki insan mərhəmət sahibi olduqda başqalarının ağrı-acısını və ehtiyacını daha dərindən duyur. Bu duyğu onu elə bir məqama ucaldır ki, artıq özü üçün arzuladığını başqaları üçün də istəyir.
Qəlbi mərhəmətlə döyünən insan baxdığı hər yerdə xeyir və gözəllik axtarır. Bütün varlığı Yaradanın əsəri kimi gördüyü üçün hər canlıya anlayış və ehtiramla yanaşır. Allaha duyduğu məhəbbəti yaratdıqlarına mərhəmət göstərməklə ifadə edir və bu səmimi münasibətin qarşılığında yenə də sevgi qazanır. Belə bir insan kiməsə zərər verməyi əsla düşünmür, heç bir qəlbi incitmir. Heç kimə tikan kimi batmır, heç kəsin canını od kimi yandırıb-yaxmır. Kimsənin göz yaşına səbəb olmur, əksinə, göz yaşlarını silən bir ələ çevrilir. Uca Allahın rəhmət kölgəsində yaşadığını hiss etdiyi üçün hər addımını şəfqət və mərhəmətlə atır. Bu səbəbdən Allah da rəhməti ilə onun qəlbini genişləndirir, daxilindəki xeyirxahlıq və mərhəmət duyğularını daha da artırır və ona saysız-hesabsız lütflər bəxş edir.
Mütəfəkkir-şair Nəcib Fazil mərhəməti belə ifadə edir: “…Əgər torpağa, toxuma, hətta kir və ləkəyə mərhəmət olmasaydı, su var olardımı? Rəngi mərhəmət, səsi mərhəmət olan o parıltılı, şırıltılı su… Elə isə nə dayanmısınız? Saxta su borularını sökün, hər evə mərhəmət daşıyan bir şəbəkə qurun! Başınızın üzərindəki damları da yıxın, göylərlə təmasa keçin! O zaman görəcəksiniz ki, acı su borularından öz-özünə şirin su axacaq və başlar üzərində günəşə yol açan qübbələr yüksələcək…
Mərhəmət bəstəsi… Ah, kaş bu bəstəni duya bilsək, onu yandırıb-yaxan bir nəğmə kimi boğazımızın dərinliyinə həkk edə bilsək! Mənim arzuladığım Günəşin mərkəzindəki mərhəmətdir… Quzuları da, ilanları da isidən mərhəmət…”
Mərhəmətdən uzaq düşən insanlar daxili rahatlıq və həqiqi xoşbəxtliyə gedən yolda tək-tənha qalırlar. Onların qəlblərində nə şəfqət işığı sayrışır, nə də sevgi çiçəkləri açır. Daxili aləmləri qəzəb, kin, düşmənçilik və eqo dolu olduğu üçün qəlbləri gündən-günə quraqlaşıb sərtləşir. Mərhəmətdən məhrum qalan belə qəlblər isə, təbii ki, ilahi rəhmətdən də uzaq düşər.
Axan bulaqla gözü qurumuş bulaq eyni olmadığı kimi, mərhəmətli insanla da mərhəmətsiz bir deyil. Necə ki bulud yağışını kəsəndə torpaq quraqlaşar, mərhəmət olmayan yerdə də insanlıq mənən yox olub gedər. Əsl yoxluq isə maddi çatışmazlıq deyil, qəlbin şəfqət və mərhəmətdən məhrum qalmasıdır.
Yalnız öz nəfsinin istəklərini ön plana çəkən, şəxsi arzularını bütləşdirənlər qurmaqdan çox dağıtmağa meyilli olurlar. Halbuki insanın əsas vəzifəsi əvvəlcə özünün, sonra isə başqalarının qəlbini abad etməkdir. Qəlbində mərhəmət olmayan biri isə başqasına həyat bəxş edə bilməz. Yuxuda olan bir şəxsin başqasını oyatması necə mümkün ola bilər? Başqalarını oyatmaq istəyən əvvəlcə gərək özü oyansın.
Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Muhəmməd (s) belə buyurur: “Yer üzündəkilərə mərhəmət edin ki, göydə olanlar da sizə mərhəmət etsin”. Bu da bir həqiqətdir ki, mərhəmət görməyən insanın başqalarına mərhəmət göstərməsi çox çətindir. Sevgisizlik və laqeydliklə böyüyən bir insandan başqalarına mərhəmət gözləmək olmaz.
İnsanın həyat səfəri fırtınalı dəniz kimidir: qasırğalar, sürətlə dönən burulğanlar, güclü dalğalar… Bu səbəbdən insanın daim əlindən tutub yol göstərən bir rəhbərə ehtiyacı var. İnsanlar Həzrət Muhəmməd (s) kimi mənəvi rəhbərin arxasınca getdikcə onun şəfqət və mərhəmət yayan mühitində həqiqi xoşbəxtliyə çata bilərlər.
Mərhəmətlilərin ən mərhəmətlisi tərəfindən göndərilən Rəhmət Peyğəmbəri (s) həyatı boyu bizi sevgi, mərhəmət və şəfqətlə bütövləşməyə çağırdı. Onun ən ümdə vəzifələrindən biri bədən orqanları kimi bir-birini tamamlayan mərhəmətli cəmiyyət qurmaq idi. Lakin təəssüf ki, bu nəcib duyğu həyatımızdan, hətta dünyamızdan sürətlə çəkilməyə başlayıb. Onun yerini isə şiddət, qəzəb, zorakılıq və laqeydlik kimi mənfi xislətlər doldurur.
Hər gün televiziya kanallarında, internet saytlarında rast gəldiyimiz zorakılıq hallarının həlli yalnız mərhəmətlə mümkündür. Zorakılıq isə həmişə nifrət doğurur. Tarix boyu insanlıq mərhəmətin bəhrəsi kimi sevgini, zülm və zorakılığın nəticəsi kimi isə nifrəti yaşamışdır. Bu baxımdan cəmiyyətlərin ən böyük problemi həmişə mərhəmət qıtlığı olmuşdur.
Bu gün mərhəmət duyğusunu yaşamağa və yaşatmağa hava, su qədər ehtiyacımız var. Ailələrin dağılmasının, insanlar arasında nifaq yaranmasının və mübahisələrin çoxalmasının əsas səbəblərindən biri də qəlblərdəki mərhəmət çatışmazlığıdır. Yaradanın gözəl adlarının ilki (ər-Rəhman) Onun hər şeyi əhatə edən sonsuz mərhəmətini ifadə etdiyi halda, görəsən, insanların qəlbindən mərhəmətin get-gedə silinməsi və eqoist arzulara qurban getməsi nəyin xəbərçisidir?!
Əgər mərhəmət qəlblərimizə yetərincə hakim olsaydı, körpələr küçələrə atılardımı? Məsum uşaqlar mərmilərə hədəf olardımı? Ailələr bu qədər asanlıqla dağılardımı? Valideynlər ixtiyar çağında unudulub tənhalığa məhkum edilərdimi? Yer üzündə bu qədər göz yaşı axıdılardımı? Qəlblər bu qədər yaralı, ruhlar bu qədər yorğun olardımı? İnsanlar bir-birinə yadlaşıb biganə qalardımı? Dünya bu qədər zülm və qan içində boğulardımı?..
Bu gün insanların qəlblərinə, vicdanlarına hər zamankından daha çox mərhəmət toxumu səpməyə ehtiyac var. Əsrimizin böyük bəlası olan mərhəmətsizliyi şəfqət və rəhmətə çevirmək hər birimizin insanlıq vəzifəsidir. Mərhəmət duyğusu cəmiyyətin hər təbəqəsinə nüfuz etməli, qəlblərdə kök salmalıdır. Çünki o, mədəniyyətimizin, milli və mənəvi dəyərlərimizin ən möhkəm sütunlarından biridir. Mərhəmət olmadan əxlaqi dəyərlərlə zəngin bir mədəniyyət qurmaq sadəcə xülyadır. Həzrət Əlinin (ə) sözləri ilə desək: “Mərhəmət olmayan yerdə fəzilət ancaq quru kəlmədən ibarətdir”.
İnsanı insanın qurdu kimi gördüyümüz müddətcə dünyamız mərhəmətsizlik girdabında əzab çəkməyə davam edəcək. Halbuki biz insanlar bir-birimizə qurd deyil, yurd olmalıyıq. Əgər qəlbimizdə mərhəmət odunu alovlandıra bilsək, bir-birimizə işıq daşıyan elçilər olmağı bacarsaq, o zaman dünyamızı olduğundan daha gözəl hala gətirə bilərik.



