Avtomobil idarə etməyi bir çox gənc üçün müstəqil və sərbəst hərəkət imkanı hesab edir. Sürücülük vəsiqəsi almaq isə yeniyetmələrin ümumi arzusudur. Lakin müxtəlif ölkələrdə sürücülük vəsiqəsinin verilməsinə fərqli yaşlarda başlanır. Oxucularımızdan biri soruşur: “Yeniyetmə və gənclərə sürücülük hüququ hansı yaşdan verilir?”
Bir çox ölkələrdə sürücülük hüququ mərhələli şəkildə verilir. Məsələn, Türkiyədə 16 yaşdan moped və motosiklet idarə etməyə, 18 yaşdan isə avtomobil sürməyə icazə var. Hindistan və Yaponiyada da oxşar yanaşma tətbiq olunur.
Bəzi Avropa ölkələrində daha çevik sistem fəaliyyət göstərir. Almaniyada 17 yaşlı şəxslər təcrübəli sürücünün müşayiəti ilə avtomobil idarə edə bilirlər. Böyük Britaniyada isə 17 yaşlı şəxslərin avtomobil idarə etməsinə icazə verilir. ABŞ-da sürücülük vəsiqəsinin alınması ştatlardan asılı olaraq dəyişir və bəzi yerlərdə sürücülük təhsilinə 14 yaşdan başlamaq mümkündür. Fransada isə 18 yaş tələb olunsa da, gənclər 15 yaşından etibarən bu sahədə təlim keçirlər.
Mütəxəssislərin fikrincə, sürücülük vəsiqəsinin hansı yaşda verilməsindən daha vacib məsələ gənclərin hazırlıq səviyyəsi, psixoloji yetkinliyi və yol hərəkəti qaydalarına əməl etmələridir. Son vaxtlar ölkəmizdə yeniyetmələrin avtomobil sürməyə marağı artıb. Baş verən qəzalarda onların da iştirakı qeydə alınır. Görəsən, gənclərimizə hansı yaşdan maşın idarə etməyə icazə verilir?

Hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov qeyd etdi ki, Azərbaycanda ikitəkərli nəqliyyat vasitələrini 16 yaşdan etibarən idarə etmək hüququ var və bu 3 qrup üzrə bölünür:
- Birinci və ən bəsit qrupa velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri daxildir. İkinci qrup mopedlərdir. Bu ildən həmin nəqliyyat vasitələri də dövlət qeydiyyatına alınmalı, dövlət qeydiyyat nişanı, sürücülük vəsiqəsi olmalıdır. Qanunvericiliyə əsasən, minimum 16 yaşı tamam olmuş şəxslər moped idarə etmək üçün A1 altkateqoriyalı sürücülük vəsiqəsi əldə edə bilərlər.
Üçüncü qrup isə motosikletlərdir. Motosikletlər mexaniki nəqliyyat vasitələri hesab edilirlər. Onlarla hərəkətə daha ciddi yanaşılmalıdır. Sürücülük hüququ əldə etmək baxımından motosikletlər iki qrupa bölünür. Mühərrikin həcmi 125 kubsantimetrədək olan, elektrik mühərrikli və gücü 11 kilovata qədər motosikletləri idarə etmək üçün 16 yaşı tamam olmalıdır. Amma mühərrikinin iş həcmi 125 kubsantimetr və ya 11 kilovatdan olan motosikletlər üçün 18 yaş və A ketqoriyası tələb edilir.
Həm BMT-nin müvafiq sazişi, həm də Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə sürücülük vəsiqəsi almaq istəyən şəxslərin hər kateqoriya üzrə sağlamlıq tələbləri fərqlidir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirdi ki, Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi sistemi yol hərəkətinin təhlükəsizliyini təmin edən kompleks hüquqi mexanizmdir:
- Bu sistem beynəlxalq təcrübəyə uyğunlaşdırılıb. Əsas məqsəd nəqliyyat vasitələrini idarə edən şəxslərin bilik və bacarıqlarının minimum tələblərə cavab verməsidir.
Azərbaycanda verilən sürücülük vəsiqələrinin Avropa Konvensiyası çərçivəsində tanınır. Eyni zamanda, xarici ölkələrdə alınmış sürücülük vəsiqələrinin tanınması və istifadəsi qarşılıqlı hüquqi etimad prinsipinə əsaslanır. Bu sahəni tənzimləyən normativ baza “Yol hərəkəti haqqında” Qanundur.
Kateqoriya sistemi isə prosesin ən vacib hissələrindən biridir. “A” kateqoriyası motosiklet və yüngül motonəqliyyat vasitələrini, “B” kateqoriyası isə minik avtomobillərini əhatə edir. Daha ağır və xüsusi təyinatlı nəqliyyat vasitələri üçün “C” və “D” kateqoriyaları tətbiq olunur, “E” kateqoriyası isə qoşqulu nəqliyyat vasitələrinin idarə edilməsinə icazə verir.
Müəyyən yaş həddinə çatmış, sağlamlıq baxımından yararlı hesab edilən və imtahanlardan uğurla keçən hər bir şəxs sürücülük hüququ əldə edə bilər. Burada əsas hazırlıq və məsuliyyətdir. Azərbaycanda sürücülük vəsiqələrinin yaş hədləri kateqoriyalara görə dəqiq mərhələləndirilib. Bu sistem yol hərəkətinin təhlükəsizliyini təmin etməyə yönəlib.
Mövcud qaydalara əsasən, “A” kateqoriyalı motonəqliyyat vasitələrini idarə etmək hüququ 16 yaşdan etibarən yaranır. Bu, nisbətən yüngül və az riskli nəqliyyat vasitələri üçün erkən yaşda idarəetmə imkanı kimi qiymətləndirilir. “B” və “C” kateqoriyalı, yəni minik avtomobilləri və yük nəqliyyat vasitələrini idarə etmək hüququ isə 18 yaşdan verilir.
Daha yüksək məsuliyyət tələb edən kateqoriyalar üzrə isə yaş həddi artır. Tramvay idarə etmək hüququ 20, “D” və “E” kateqoriyalı nəqliyyat vasitələri, eləcə də trolleybusların idarə olunması hüququ isə 21 yaşdan başlayır.
Qanunvericilikdə istisnalar da nəzərdə tutulub. Məsələn, peşə tədris müəssisələrini bitirən şagirdlər, eləcə də “C” və “BC” kateqoriyalı sürücülərin hazırlanması üçün hərbi xidmətə cəlb olunan çağırışçılar müəyyən tədris kurslarını bitirdikdən sonra imtahanlara buraxılırlar. Bu halda 18 yaşına çatmamış şəxslərə belə sürücülük vəsiqəsi verilə bilər, lakin sənədin “xüsusi qeydlər” hissəsində onun yalnız 18 yaş tamam olduqdan sonra avtomobil idarə edə biləcəyi göstərilir. Bu, “nəzarətli və mərhələli icazə mexanizmi” kimi qiymətləndirilir.
Hazırladı:
Ləman Təhməz



