Xəbərlər

TÜRKSOY rəsmisi: Qarabağa səfər həqiqətlərin daha dolğun öyrənilməsinə fürsət yaradır

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres iştirakçıları Birinci Türkoloji Qurultayın zəngin elmi və mənəvi irsinin yad edilməsi, onun Türk dünyasının ortaq elmi və mədəni tarixində tutduğu mühüm yerin bir daha diqqətə çatdırılması məqsədi daşıyır. Bu çərçivədə konqres iştirakçıları Qarabağa səfər edərək bölgədə həyata keçirilən bərpa və yenidənqurma işləri, tarixi-mədəni irsin bərpası, eləcə də sosial-iqtisadi inkişaf prosesi ilə yaxından tanış olurlar.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Sayıt Yusuf deyib.

O bildirib ki, Türk dünyasının müxtəlif ölkələrindən, eləcə də Balkanlardan və Avropadan gələn alim və ziyalılar Qarabağda aparılan bərpa-quruculuq işlərini öz gözləri ilə görür, bölgədə baş vermiş hadisələr və hazırda həyata keçirilən yenidənqurma prosesi barədə ətraflı məlumat əldə edirlər. Onların bu səfər zamanı qazandıqları təəssüratlar və qurduqları elmi əlaqələr gələcək tədqiqatların genişlənməsi, Qarabağ həqiqətlərinin beynəlxalq akademik mühitdə daha dolğun şəkildə öyrənilməsi və təqdim olunması üçün fürsət yaradır.