Xəbərlər

Azərbaycan Milli Kitabxanası Birinci Türkoloji Qurultaya aid biblioqrafik göstərici hazırlayıb

Sovet dövründə müxtəlif səbəblərdən stenoqrafik hesabata daxil edilməyən, Azərbaycan və digər türk dillərində səsləndirilmiş məruzələr ilk dəfə Birinci Türkoloji Qurultayın Stenoqrafik Hesabatının yeni nəşrində tam şəkildə toplanıb.

“Füyuzat” Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin məruzələr Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Universiteti və Mədəniyyət Nazirliyi ilə birlikdə 1926-cı ildə nəşr olunmuş hesabatın yeni nəşrində öz əksini tapıb:

“Həmin dövrdə qəzetlərdə dərc olunmuş materiallar araşdırılıb toplanaraq Türk dünyasının ideoloqlarından Əli bəy Hüseynzadənin, Bəkir Çobanzadənin, Mehmet Fuat Köprülü və digər görkəmli ziyalıların məruzələrinin tam mətnləri Azərbaycan, türk və digər dillərdə bu stenoqrafik hesabata daxil edilib və yenidən nəşr olunub”.

K.Tahirov həmçinin əlavə edib ki, Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultaya həsr olunmuş, son yüz il ərzində dünyanın müxtəlif ölkələrində, xüsusilə türkdilli dövlətlərdə nəşr edilən bütün materialları bir araya gətirərək fundamental biblioqrafik göstərici hazırlayıb:

“Bu gün həmin nəşrin də təqdimatı keçirilir. İnanıram ki, bundan sonra Türk dünyası ölkələri arasında əlaqələr daha da genişlənəcək, əməkdaşlıq möhkəmlənəcək və bu cür təşəbbüslər türk dövlətlərinin beynəlxalq aləmdə söz sahibi olmasına mühüm töhfə verəcək”.