Xəbərlər

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Şamaxının tarixi Gülüstan qalasında bir ay davam edən arxeoloji tədqiqatlar zamanı yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb.

“Füyuzat” xəbər verir ki, qazıntılar AMEA Arxeologiya və Antropologiya İnstitutunun Şamaxı arxeoloji ekspedisiyası tərəfindən qalanın Narınqala hissəsinin aşağı tərəfində yerləşən böyük inzibati binada aparılıb.

Eni 15, uzunluğu 50 metr olan tikilinin ümumi sahəsi 750 kvadratmetrdir. Araşdırmalar zamanı binanın iri qaya daşları və yonulmuş əhəng daşlarından tağ formasında inşa edildiyi müəyyənləşdirilib.

Akif Quliyev qeyd edib ki, tikilinin zəlzələ və ya düşmən hücumu nəticəsində ciddi dağıntıya məruz qaldığı ehtimal olunur. Qazıntılar zamanı tağ formalı tavanın uçaraq binanın içərisinə töküldüyü də dəqiqləşib.

Onun sözlərinə görə, qazıntılar zamanı çoxsaylı saxsı fraqmentləri, nimçə, kasa, kaşı, bulud, dolça, küp, bardaq və çıraq qırıqları, həmçinin muncuqlar, şüşə qolbaq, mis sikkələr, əmək alətləri və silah qalıqları aşkarlanıb.

Ekspedisiya rəhbərinin sözlərinə görə, tapıntılar Gülüstan qalasında yaşamış insanların gündəlik həyatı və məişəti, eləcə də abidənin tarixi barədə yeni məlumatlar əldə etməyə imkan verir.

Qeyd edək ki, Gülüstan qalasında yaxın zamanda bərpa və konservasiya işlərinin aparılması, arxeoloji tədqiqatların isə davam etdirilməsi planlaşdırılır.