Xəbərlər

Mədəni irs sahəsində vətəndaş müraciətlərinin qəbulu rəqəmsal vasitələrdən istifadə etməklə həyata keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində mədəni irs sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

“Füyuzat” xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən vətəndaş müraciətlərinin daha operativ, şəffaf və “bir pəncərə” prinsipi əsasında qəbulunu təmin edən yeni modelin tətbiqinə başlanılır. Vətəndaşlar fiziki xidmət ünvanlarına yaxınlaşmadan “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə edə, müraciətlərini onlayn qaydada təqdim edə, onların icra vəziyyətini real vaxt rejimində izləyə bilərlər. Elektron xidmətlərin tətbiqi proseslərin rəqəmsal mühitə inteqrasiyasını təmin etməklə operativliyin artırılmasına, vaxt itkisinin minimuma endirilməsinə, müraciətlərin şəffaf və izlənilə bilən mexanizmlər əsasında idarə olunmasına, nəticə etibarilə vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

Bundan əlavə, vətəndaş müraciətlərinin qəbulu Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84 ünvanında (Hökumət evi, 4-cü qapı, 1-ci mərtəbə) fəaliyyət göstərən Vətəndaş Qəbulu Mərkəzində həyata keçirilir. Belə ki, Mərkəzin fəaliyyəti vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə, müraciətlərin rəqəmsal mühitdə qəbulunun təşviqinə (https://my.culture.az), xidmətlərin operativ və şəffaf şəkildə göstərilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, habelə vətəndaş məmnunluğunun artırılmasına yönəlib. Vətəndaş Qəbulu Mərkəzinə müraciət edən şəxslərə elektron sistemdən istifadə ilə bağlı “İrs Dostu” könüllüləri tərəfindən texniki və informasiya dəstəyi göstərilir, ərizə və digər sənədlərin hazırlanmasına kömək edilir.

Bu tədbirlər “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, vətəndaşların mədəni xidmətlərə əlçatanlığının artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılıb.

Qeyd edək ki, “MyCulture” (https://my.culture.az) portalı üzərindən Dövlət Xidməti aşağıdakı elektron xidmətləri təqdim edir:

  • Daşınmaz tarix və mədəniyyət abidələri və ya onların ayrı-ayrı hissələrinin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlərin görülməsi üçün müvafiq layihələrə razılığın verilməsi;
  • Dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılığın verilməsi;
  • İnşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazənin verilməsi;
  • Qoruqlarda və abidələrin mühafizə zonalarında tikinti və abadlıq işlərinin aparılmasına razılığın verilməsi;
  • Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılıq verilməsi;
  • Xüsusi mülkiyyətdə olan daşınmaz tarix və mədəniyyət abidələrinin və onalara aid yaşayış və qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə razılığın verilməsi.