Ədəbiyyat Xəbərlər

Allahverdi Təkləli – Bir uşaq rəsmi çək…

Bir uşaq rəsmi çək Ümmət Qaraca –
Bir az mavidən al, mordan çəhrayı,
bir az da turuncdan narıncı baxsın.
Baxsın o uşağın baxışlarından,
“Dilqəmi”, “Kərəmi”, “Zarıncı” baxsın.

Bir uşaq rəsmi çək Ümmət Qaraca,
Qürubun qanına batır fırçanı.
Ovunu haqlayan qurd nəfəsitək,
Hərdən yanı üstə yatır fırçanı.

Bir uşaq rəsmi çək Ümmət Qaraca,
Buludun üstüylə qaçan bir uşaq.
Xiffəti iməkdən təzə day duran,
Özünə gecələr vətən uyduran,
Gilənar çiçəyi açan bir uşaq.

Bir uşaq rəsmi çək Ümmət Qaraca,
Upuzun yolların yolçusu – gözü,
Qara damlarına bacadı görüm.
Gözündə lillənib qalan həsrəti,
Bu qoca  dünyadan qocadı görüm.