Xəbərlər

“Rənglərin pıçıltısı” adlı gənclərin qrup sərgisinin açılışı baş tutub

Bakı Ağ Şəhərdə yerləşən “D’Art” ” Qalereyasında “Rənglərin pıçıltısı” adlı gənclərin qrup sərgisinin açılışı olub.

“Füyuzat” xəbər verir ki, gənc rəssamların yaradıcılığının tanıdılması məqsədilə təşkil olunan sərgidə 18 müəllifin ümumilikdə 38 əsəri nümayiş etdirilir. Kətan üzərinə yağlı boya ilə işlənmiş əsərlərdə müəlliflərin daxili dünyası, hiss və duyğuları, həyata baxışları və fərdi düşüncə tərzi bədii ifadə vasitələri ilə əksini tapıb.

Sərginin iştirakçıları 11 yaşdan 47 yaşadək rəssamlardır. Ekspozisiyanın ən gənc müəllifi 11 yaşlı Vəliyeva Zeynəb Elməddin qızı, ən yaşlı iştirakçısı isə 47 yaşlı rəssamdır.

Tədbirdə fəxri qonaq qismində xalq rəssamı Ağaəli İbrahimov iştirak edib.

Layihənin rəhbəri və təşkilatçısı rəssam Ləman Malik çıxışında bildirib ki, bu sərgi onun tələbələrinin ilk birgə sərgisidir. O, gənc rəssamların ilk dəfə öz əsərlərini geniş auditoriyaya təqdim etmələrinin qürurverici olduğunu vurğulayaraq, belə layihələrin onların gələcək yaradıcılıq yolunda mühüm stimul olacağına inandığını qeyd edib.

Sərginin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Qeyd edək ki, “D’Art” Qalereyasında təşkil olunan sərgiyə giriş ödənişsizdir.