Xəbərlər

İqlim dəyişilmələri ilə bağlı konfrans keçiriləcək

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Zoologiya İnstitutunun və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, konfransın əsas məqsədi quru və su ekosistemlərinin dəyişmə şəraitində bioloji müxtəlifliyin ümumi problemlərinin, fauna ehtiyatlarından səmərəli istifadənin, bioloji invaziyaların problemlərinin, təbii və transformasiya olunmuş ekosistemlərdə heyvanların parazit faunasının və canlı orqanizmlərin müxtəlifliyinin gələcəkdə iqlim dəyişikliyinə uyğunlaşmasının aktual məsələlərinin müzakirəsidir.

Azərbaycanın 2024-cü ildə dünyanın ən böyük və mühüm beynəlxalq tədbirlərindən biri olan, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 Azərbaycanda keçirilməsi ölkəmizdə bu sahəyə diqqət ayırılması baxımından əhəmiyyətlidir.

Konfrans 11–12 iyun tarixlərində Azərbaycan, inglis və rus dillərində keçiriləcək.

Konfransın proqramına aşağıdakı elmi məsələlər daxildir:

  1. Quru və su ekosistemlərində baş verən dəyişikliklərin bioloji müxtəlifliyə təsiri;
  2. Nadir və nəsli kəsilməkdə olan fauna növlərinin qorunması;
  3. Bioloji resursların davamlı istifadəsi və idarə edilməsi;
  4. Bioloji invaziyalar və onların ekosistemlərə təsiri;
  5. Parazit orqanizmlərin təbii və transformasiya olunmuş ekosistemlərdə rolu.