Türkiyə oktyabrın 5–dən 9-dək Antalyada keçiriləcək 77-ci Beynəlxalq Astronavtika Konqresində (IAC 2026) qlobal kosmik ictimaiyyəti qəbul etməyə hazırlaşır.
“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Astronavtika Federasiyası (IAF) tərəfindən hər il təşkil olunan, bu il Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası, Türkiyə Kosmik Agentliyinin (TUA) ev sahibliyi və SAHA İstanbulun həmtəşkilatçılığı ilə keçiriləcək IAC 2026 müraciətlərin sayına görə bütün zamanların rekordunu rəsmi olaraq qıraraq, Türkiyənin qlobal kosmik diplomatiya və akademik tədqiqatlardakı mühüm rolunu daha da möhkəmləndirir.
IAC 2026-ya rəsmi olaraq 108 ölkədən 8330-dan çox məruzə xülasəsi təqdim edilib. Beynəlxalq səviyyədə böyük maraq doğuran konqres çərçivəsində 10 mindən çox nümayəndə ilə yanaşı, kosmik agentliklərin rəhbərləri, aviasiya və kosmik sənaye sektorunun rəhbərləri, dünyaşöhrətli alimlər və astronavtların Antalyada bir araya gəlməsi gözlənilir.
Türkiyənin aparıcı 10 universitetinin iştirakı ilə ölkə üzrə həyata keçirilən akademik səfərbərliyin nəticəsi olaraq, ev sahibi Türkiyə qəbul edilən 753 məruzə xülasəsi ilə ölkələr üzrə sıralamada birinci yerdədir. Türkiyənin ardınca Çin (322), Azərbaycan (317), Amerika Birləşmiş Ştatları (228) və İtaliya (220) gəlir.
Konqresin baxışının beynəlxalq diplomatik dairələrə rəsmi şəkildə təqdim edilməsi məqsədilə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacırın ev sahibliyi ilə tarixi Ankara Etnoqrafiya Muzeyində IAC 2026 Səfirlər Resepsiyası keçirilib. Diplomatik görüşdə xarici ölkələrin səfirləri, beynəlxalq missiyaların rəhbərləri, kosmik agentliklərin nümayəndələri və Türkiyənin yüksəksəviyyəli rəsmiləri bir araya gəliblər.
Diplomatik missiyaların nümayəndələrinə müraciət edən nazir Mehmet Fatih Kacır bildirib ki, Antalyada keçiriləcək IAC 2026 ölkələri kosmosun dinc, təhlükəsiz və davamlı istifadəsi ətrafında bir araya gətirən müstəsna qlobal platforma rolunu oynayacaq: “Milli Kosmik Proqramımız çərçivəsində Türkiyə bütün ölkələrin kosmosa çıxış imkanlarının genişləndirilməsinə, gənc tədqiqatçıların təşviq edilməsinə və uzunmüddətli beynəlxalq elmi tərəfdaşlıqların qurulmasına qətiyyətlə töhfə verir”.
“Dünyanın daha çox kosmosa ehtiyacı var” mövzusunda keçirilən IAC 2026 yalnız kosmik tədqiqatların və texnologiyaların inkişafını deyil, həmçinin qadınlar, gənclər və kosmik sahədə inkişaf etməkdə olan ölkələr üçün daha çox imkanların yaradılmasını və inklüzivliyin artırılmasını, eləcə də davamlı qlobal inkişafın dəstəklənməsini müdafiə edir.
Davamlılığa və planetin qorunması istiqamətində bu qətiyyəti simvolizə edən və Antalyanın Aralıq dənizi sahillərində yaşayan Caretta dəniz tısbağalarından ilhamlanaraq hazırlanan konqresin “Turkuaz” adlı rəmzi obrazı ictimaiyyətə təqdim edilib. “Turkuazdan ulduzlara” mövzusunda ruhlandırıcı şüarı daşıyan bu personaj dənizlərin qorunması, peyk müşahidələri vasitəsilə iqlimin izlənməsi və orbitdəki kosmik tullantıların aradan qaldırılması arasındakı mühüm əlaqəyə diqqət çəkir.
“IAC 2026” beş gün ərzində çoxsaylı tədbirləri, panelləri və şəbəkələşmə imkanlarını əhatə edən genişmiqyaslı qlobal proqrama ev sahibliyi edəcək. Proqram çərçivəsində NASA, ESA, JAXA, CNSA, ISRO və TUA-nın yüksəksəviyyəli rəhbərlərinin dərin kosmos tədqiqatlarının, Ay missiyalarının və kommersiya kosmik stansiyalarının gələcəyini müzakirə edəcəyi Kosmik Agentliklərin Rəhbərləri Baş Sessiyası keçiriləcək.
Tədbir, həmçinin kosmosun idarəolunması, kosmik hüquq və beynəlxalq siyasətlərin qanunvericilik aspektlərinin müzakirə ediləcəyi yüksəksəviyyəli dəyirmi masa formatında IAF Nazirlər və Parlament Üzvlərinin Beynəlxalq Görüşünə (MMOP) ev sahibliyi edəcək.
Yüksəksəviyyəli zirvələrlə yanaşı, tədbir bir sıra mühüm görüşlər üçün də qlobal platforma rolunu oynayacaq. SAHA İstanbulun əməkdaşlığı ilə keçiriləcək Qlobal Şəbəkələşmə Forumu (GNF) və Sənaye Sərgisində aviasiya və kosmik sənayenin aparıcı şirkətləri və startapları kommersiya innovasiyalarını, dövlət-özəl sektor tərəfdaşlıqlarını və ən qabaqcıl texnologiyalarını nümayiş etdirəcək.
Bundan əlavə, “IAC 2026” Kosmik Nəsil Konqresi (SGC), BMT/IAF seminarları və gələcəyin kosmik liderlərini dəstəkləmək istiqamətində xüsusi təlim proqramlarını əhatə edən Yeni Nəsil və STEM təşəbbüsləri ilə gələcəyə xüsusi diqqət yetirəcək.
Elm və texnologiyadan əlavə, iştirakçılar Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçiriləcək “Anadoludakiler” Mədəniyyət və Əl Sənətləri Sərgisini də ziyarət etmək imkanı əldə edəcəklər. Sərgidə Anadolunun minilliklərə söykənən davamlı istehsal mədəniyyəti, ənənəvi əl sənətləri və yerli irsi təqdim olunacaq.



