Bu gün dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan Rey Bredberinin doğum günüdür. Fantastik janrın ən tanınmış nümayəndələrindən biri olan yazıçının əsərlər yazmasını uşaqlıqdan mistik mövzulara meyilli olması və keçirdiyi psixoloji durğunluqla əlaqələndirilir. Yazıçının kitabxanada doqquz günə qələmə aldığı “Farenheyt 451” fantastik romanı onun ən yaxşı əsərlərindən biri hesab edilir.
Qeyd edək ki, distopik ədəbiyyatın ən məşhur əsərlərindən biri olan “Farenheyt 451” bu il MİMTA Yayımlarının nəşrləri sırasına daxil olub.
“Fuyuzat.az” saytı olaraq Rey Bredberinin doğum günü münasibətilə oxucularımıza yazıçının dünya ədəbiyyatının qızıl fonduan daxil olan “Mars xronikaları”əsərindən bir hissəni təqdim edirik. Xoş mütaliələr!
Noyabr 2005. Yol üçün əşyalar
Modullaşmış işıq şüası Yerdən son yenilikləri gətirəndə, axşam radioda dinlədiyi bu xəbər yol üçün əşyalar satan mağazanın sahibinə çox uzaq görünmüşdü. Lap ağlasığmaz idi.
Yerdə müharibə yetişirdi. O, bayıra çıxdı və səmaya nəzər saldı. Budur, Yer axşama doğru göy qübbəsində dağların arxasına diyirlənən Günəşə çatmağa çalışır. Bu, radionun haqqında bəhs etdiyi həmin yaşıl ulduzdu.
– İnana bilmirəm, – dükançı söylədi.
– Ona görə ki, siz orda deyilsiniz, – salamlaşmaq üçün yaxınlaşan Pereqrin ata dedi.
Bunları necə başa düşək, müqəddəs ata?
Mən balaca olanda da bu cür olmuşdu, – Pereqrin ata cavab verdi. – Biz Çində baş verən müharibələr haqda eşit-mişdik, ancaq inana bilmirdik. Bizim üçün Çin çox uzaqda idi. Orda olduqca çox adam həlak olurdu. Təsəvvür etmək mümkün deyildi. Hətta ordan çəkilmiş filmlərə baxanda da inana bilmirdik. İndi də həmin vəziyyətdir. Yer elə həmin Çindir. Çox uzaqdır, elə ona görə də inanmırıq. Bu, burda, bizdə baş vermir. Nəinki toxunmaq, heç görmək də mümkün deyil. Bizim gördüyümüz yalnız yaşıl işıqdır. Və həmin işıqda iki milyard adam yaşayır? Ola bilməz! Müharibə? Biz ki partlayış səslərini eşitmirik.
– Eşidərik, – dükançı dedi. – Mənsə bu həftə bura uçub gəlməli olan adamlar barədə fikirləşirəm. Onlar haqqına necə dedilər? Yaxın bir ay ərzində Marsa yüz minə yaxın adam gələcək – deyəsən, bu cür söylədilər. Əgər müharibə başlasa, onların taleyi necə olacaq?
– Yəqin geriyə göndərəcəklər.
– Belə, – dükançı dedi. – Nə isə gedim çamadanların tozunu silim. Bir də gördün alıcılar gəldilər.
– Düşünürsüz ki, bu, illər uzunu gözlədiyimiz Böyük müharibədisə, hamı Yerə qayıtmaq istəyəcək?
– Bəli, müqəddəs ata: nə qədər qəribə də olsa, düşünürəm ki, hamımız qayıtmaq istəyəcəyik. Əlbəttə, biz bura siyasətdən, atom bombasından, müharibədən, nüfuzlu güruhdan, mövhumatdan, qanunlardan xilas olmaq üçün gəlmişik. Bütün bunlar mənə məlumdur. Ancaq hər halda Vətən ordadır. Baxarsınız, Amerikaya ilk bomba düşən kimi burdakı camaat fikirləşməyə başlayacaq. Onlar burda çox qısa müddət yaşayıblar, haradasa iki il. Əgər qırx il yaşasaydılar, başqa cür olardı, ancaq indi onların Yerdə qohumları, boya-başa çatdıqları şəhərləri var. Mən Yerə inanmıram, mənim üçün o, demək olar ki, mövcud deyil. Ancaq mən qocayam, məndən heç bir fayda yoxdur, odur ki, burda qala da bilərəm.
– Çətin ki.
– Hə, siz haqlısınız.
Onlar eyvanda dayanıb ulduzları seyr edirdilər. Sonra Pereqrin ata cibindən pul çıxarıb mağazanın sahibinə uzatdı.
– Yeri gəlmişkən, mənim üçün çamadan seçin. Çamada-nım çox köhnəlib və yararsız hala düşüb…
Tərcümə: Kifayət Haqverdiyeva
Təqdim etdi: Günel Natiqqızı



