Tarix Xəbərlər

Yapon Əhməd: Tokiodan Beyruta uzanan qanlı hekayə

Bəzən tarixin qəribə hekayələri xəritəyə baxanda daha aydın görünür. Belə hekayələrdən biri 2026-cı ilin iyulunda Beyrutda yenidən gündəmə gəldi. Tokio ilə Beyrut arasında minlərlə kilometrlik məsafə var. Biri Uzaq Şərqin texnologiya və sənaye mərkəzidir, digəri isə Yaxın Şərqin ən mürəkkəb siyasi tarixə malik şəhərlərindən biri. Amma XX əsrin ikinci yarısında radikal ideologiyalar bu məsafəni də aşdı.

24 iyul, cümə günü Beyrutda 78 yaşında vəfat etmiş Kozo Okamotonun dəfn mərasimi keçirilirdi. Yapon əsilli Okamotonun tabutu Fələstin bayrağına bükülmüş halda fələstinli gənclərin çiyinlərində Məqbərətüş-Şühəda – Şəhidlər Qəbiristanlığına aparılırdı. Onilliklər boyu Beyrutda yaşayan bu adam ərəb dünyasında “Əhməd əl-Yabani” – “Yapon Əhməd” kimi tanınırdı.

Qəribə mənzərədir: Yaponiyada doğulan bir insan Beyrutda, Fələstin bayrağı altında dəfn edilir.

Bu görüntünün arxasında isə XX əsrin ən qeyri-adi və qanlı siyasi hekayələrindən biri dayanır.

Yapon Qızıl Ordusu Kozo Okamotonun həyatını anlamaq üçün əvvəlcə Yapon Qızıl Ordusunun tarixinə nəzər salmaq gərəkdir.Nihon Sekigun təşkilatı 1971-ci ildə Yaponiyanın radikal solçu mühitində formalaşdı. Təşkilatın əsas siması Fusako Şigenobu idi. Şigenobu Livana gedərək Fələstin Xalq Qurtuluş Cəbhəsi ilə əlaqələr qurmuşdu.

Yapon Qızıl Ordusu marksist inqilab və beynəlxalq silahlı mübarizə ideyasını müdafiə edirdi. Təşkilatın üzvləri hesab edirdilər ki, mübarizə milli sərhədlərlə məhdudlaşmamalı, dünyanın müxtəlif ölkələrindəki radikal qruplar əməkdaşlıq etməlidir.

Beləliklə, Yaponiyada yaranmış kiçik bir qrup fəaliyyətini Yaxın Şərqdəki silahlı təşkilatlarla əlaqələndirdi.

Niyə Fələstin?1970-ci illərin əvvəllərində Fələstin məsələsi dünya radikal solunun mühüm mövzularından biri idi. Fələstin Xalq Qurtuluş Cəbhəsi kimi marksist yönümlü təşkilatlar İsrailə qarşı mübarizəni qlobal anti-imperialist mübarizənin bir hissəsi kimi təqdim edirdilər.

Yapon Qızıl Ordusunun üzvləri də bu mühitə qoşuldular, Fələstin ərazisindəki düşərgələrdə təlim keçdilər və bölgədəki silahlı qruplarla əməkdaşlıq etdilər. Bu əməkdaşlığın ən qanlı səhifəsi isə 1972-ci ildə yazıldı.

Burada bir fərqi xüsusi vurğulamaq lazımdır: Fələstin xalqının milli-siyasi mübarizəsi ilə ayrı-ayrı radikal qrupların terror fəaliyyətini eyniləşdirmək olmaz. Suveren hüquqlar başqa, bu hüquqlardan öz maraqları üçün istifadə edən marginal qruplar başqa.

Lod hava limanı30 may 1972-ci ildə İsrailin Lod hava limanında üç yapon silahlı şəxs atəş açdı. Onların arasında Kozo Okamoto da vardı.Avropadan gələn üçlük hava limanında silahlı hücum həyata keçirdi. Ehtimallara görə onlar əslində təyyarə qaçıraraq, həbsdə olan bəzi şəxslərlə girovları dəyişdirmək istəyirdi. Lakin hava limanındakı həssas təhlükəsizlik sistemini aşa bilməyəcəklərini və ifşa olacaqlarını anladıqda, hava limanının özünü qana boyadılar. Nəticədə 26 nəfər öldürüldü, çoxlu sayda insan yaralandı. Okamotonun iki silahdaşı öldürüldü, özü isə yaralı halda ələ keçirildi.

Hadisə beynəlxalq terrorizmin yeni xüsusiyyətini göstərirdi: Yaponiyadan olan radikallar Yaxın Şərqdəki silahlı qruplarla əməkdaşlıq edir, Avropadan İsrailə gəlir və terror aktı törədirdilər.

Amma bütün geosiyasi izahların arxasında sadə bir həqiqət dayanırdı: hava limanında adi insanlar öldürülmüşdü.“Yapon Əhməd”Okamoto ərəb və ya fələstinli deyildi. Yaponiyanın Kumamoto bölgəsində böyümüş, kənd təsərrüfatı üzrə təhsil almışdı. Onun qarşısında tamamilə başqa həyat qurmaq imkanı vardı.

Lakin 1960-70-ci illərin radikal siyasi mühiti bir çox gəncin dünyaya baxışını dəyişirdi. Müharibə, imperializm, sosial ədalətsizlik və inqilab ideyaları siyasi hərəkatların əsas mövzularından idi. Okamoto da həmin mühitin təsiri ilə radikal siyasi yol seçdi.

Amma siyasi ideala inanmaqla həmin ideal naminə mülki insanlara qarşı terror aktı törətmək arasında böyük fərq var. Lod hava limanında bu sərhəd keçilmişdi.

Okamoto İsraildə ömürlük həbs cəzasına məhkum edildi. 1985-ci ildə İsrail ilə Fələstin silahlı qrupları arasındakı məhbus mübadiləsi nəticəsində azad edildi. Daha sonra Livanda siyasi sığınacaq aldı və ömrünün qalan hissəsini burada keçirdi.

Məhz Livanda ona “Əhməd əl-Yabani” – “Yapon Əhməd” adı verildi.

Bu ad onun həyatındakı ziddiyyəti yaxşı ifadə edirdi: Yaponiyada doğulmuş bir insan Yaxın Şərqdə ərəb adı ilə tanınırdı. Lakin bu ləqəbin arxasında romantik macəra deyil, ağır siyasi və cinayət keçmişi dayanırdı.

Kiçik qrup, böyük təsirYapon Qızıl Ordusu sayca böyük təşkilat deyildi. Ən güclü dövründə belə üzvlərinin sayı bir neçə on nəfərlə ölçülürdü. Buna baxmayaraq, beynəlxalq miqyasda geniş tanındı.

Təşkilat 1970-ci illərdə müxtəlif ölkələrdə səfirliklərin ələ keçirilməsi, girov götürmə və təyyarə qaçırma kimi silahlı əməliyyatlarla əlaqələndirilirdi. 1974-cü ildə Haaqada Fransa səfirliyinin ələ keçirilməsi, 1975-ci ildə Kuala-Lumpurda diplomatik nümayəndəliklərə qarşı əməliyyat və 1977-ci ildə Japan Airlines təyyarəsinin qaçırılması onun adını beynəlxalq terrorizm tarixində möhkəmləndirdi.

Kiçik qrupun təsiri əsasən beynəlxalq əlaqələrindən və həyata keçirdiyi, böyük media diqqəti doğuran əməliyyatlardan qaynaqlanırdı.

Qanlı “Ordunun” sonu1970-ci illərin radikal siyasi atmosferi zamanla dəyişdi. Təşkilat zəiflədi, üzvlərinin bir qismi həbs edildi, digərləri gizli fəaliyyətə keçdi.

Fusako Şigenobu 2000-ci ildə Yaponiyada həbs edildi.

2001-ci ildə isə həbsxanadan Yapon Qızıl Ordusunun ləğv edildiyini elan etdi.Beləliklə, “beynəlxalq inqilab” ideyası ilə yaranan təşkilat təxminən 30 il sonra tarixə çevrildi.

Tokiodan BeyrutaKozo Okamotonun 2026-cı ildə Beyrutda ölümü onun həyatının qəribə coğrafiyasını bir daha gündəmə gətirdi.

Yaponiyada doğulmuşdu, Fələstin məsələsi ətrafında formalaşan silahlı qruplaşmalara qoşulmuşdu, İsraildə həbs edilmiş və ömrünün sonrakı illərini Livanda keçirmişdi.

Onun tabutunun ailəsindən və qohumlarından heç kəsin olmadığı yerdə daşınması da hekayənin son kadrı oldu.

Ancaq bu hekayənin əsas dərsi onun ekzotikliyində deyil. Radikal ideologiyalar milli sərhədləri asanlıqla aşa bilər, kiçik qruplar beynəlxalq əlaqələr sayəsində böyük təsir yarada bilər. Lakin siyasi mübarizə terrora çevrildikdə onun ən ağır nəticəsini çox vaxt həmin mübarizənin iştirakçısı olmayan insanlar ödəyir.

“Yapon Əhməd”in hekayəsi də məhz bu baxımdan yadda qalır: Tokio ilə Beyrut arasındakı məsafəni ideologiya qət edə bildi, amma bu yolun üzərində insan həyatı bahasına ödənmiş ağır bir tarix qaldı.

Müəllif: Kazım Kazımlı