Kültür-sənət Mədinə Məcidli Xəbərlər

15min avroya satılan “görünməz” heykəl

“Görünməz heykəl” müasir incəsənətdə ən çox müzakirə olunan konseptual əsərlərdən biridir. İtalyan rəssamı Salvatore Garau tərəfindən yaradılan bu əsər “Mənəm” (“Io Sono”) adlanır və fiziki olaraq görünən heç bir formaya malik deyil. 2021ci ildə bu “heykəl” təxminən 15 min avroya satılaraq dünya mediasında böyük səsküy yaratdı. Əsərin ideyası ondan ibarətdir ki, sənət yalnız maddi obyektlərlə məhdudlaşmır, düşüncə və təsəvvür də incəsənətin bir hissəsidir. Garauya görə heykəl “boşluqdan ibarətdir”. Lakin bu boşluq insanın zehnində formalaşır və ona məna qazandırır. Alıcıya isə fiziki bir obyekt deyil, yalnız sertifikat və əsərin yerləşdirilmə qaydaları təqdim olunur.

Bu konsept bir çox insan tərəfindən maraqla qarşılandı, digərləri tərəfindən isə ciddi tənqid olundu. Bəziləri bunu “dahi sənət ideyası” hesab etsə də, bəziləri “boşluğun satılması” kimi qiymətləndirdi. Buna baxmayaraq, “görünməz heykəl” müasir incəsənətdə sərhədləri sorğulayan və sənətin nə olduğunu yenidən düşündürən simvolik bir nümunəyə çevrildi. Müəllif deyirki: “Siz onu görmürsünüz, amma o, havadan və ruhdan hazırlanıb”. Alıcı isə əsərlə yanaşı, orjinallıq sertifikatı və bir təlimat alıb. Təlimatda isə əsər üçün 1.5 m2 boş yer ayrIlmalı olduğu qeyd edilib.

Hazırladı: Mədinə Məcidli