“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin əsəri” nominasiyası üzrə seçilən əsər Musa Yaqubun “ Narahat duyğudur” şeiridir. Xoş mütaliələr!
Narahat duyğudur
daşar durmadan,
Döyəclər daşları çayların suyu.
Ürəyim,
çay kimi ya coş hər zaman,
Ya çaylaq daşıtək
buz olub soyu.
Ya gərək atasan sevinci, qəmi,
Səni də piy basa,
sükunət boğa,
Ya gərək söz üstə
kəhrəba kimi
Əriyib-əriyib
çıxasan yoxa.
Yanmırsa,
közün də kömürdür adı,
Nə torpağa şərik,
nə oda şərik.
Şair ürəyi ki, məşəl olmadı,
Nə o tərəflikdir,
nə bu tərəflik.
Yanvar, 1971



