Mədinə Məcidli Tarix Xəbərlər

Həftə niyə yeddi gündür?

Həftənin 7 günə bölünməsinin tarixi qədim Babil (Mesopotamiya) sivilizasiyasına gedib çıxır. Bu xalq göy cisimlərini diqqətlə müşahidə edirdi və onların həyat tərzinə təsiri böyük idi. Babil astronomları səmada adi gözlə görünən 7 əsas “hərəkətli” cismi ayırd etmişdilər: Günəş, Ay və 5 planet (Merkuri, Venera, Mars, Yupiter, Saturn). Hər birinə bir gün həsr olunmuşdu və beləliklə 7 günlük dövr yaranmışdı.

Digər mühüm səbəb isə Ayın fazaları ilə bağlıdır. Ayın tam dövrü təxminən 29.5 gün çəkir və bu dövr 4 hissəyə bölünəndə hər biri təxminən 7 gün edir. Qədim insanlar bu mərhələləri vaxt ölçmək üçün istifadə etdikləri üçün 7 günlük dövr praktiki sayılırdı.

7 günlük həftənin yayılmasında din də böyük rol oynayıb. Xüsusilə yəhudi ənənəsində dünyanın 6 gündə yaradılması və 7ci gün istirahət (Şənbə) anlayışı bu sistemi gücləndirib. Model sonradan xristianlıq vasitəsilə geniş yayıldı. Daha sonra Roma imperiyası bu sistemi qəbul edib rəsmi hala saldı (eramızın 321ci ili). Beləliklə, 7 günlük həftə bütün Avropa və sonradan dünyaya yayıldı. Bu insanların qədimdə göy cisimlərinə baxaraq yaratdığı və sonradan din və mədəniyyət vasitəsilə sabitləşən bir zaman bölgüsüdür. Yəni həftənin 7 gün olması həm astronomiya, həm də mədəni-tarixi ənənələrin birləşməsinin nəticəsidir.

Lakin hər yerdə yeddi gün deyildi. Fərqli xalqlar fərqli sistemlərlə yaşayırdı:

  1. Qədim Roma – 8 gün
  2. Keltlər – 9 gün
  3. Misirlilər –10 gün
  4. Mayya və asteklər –13 gün
  5. Germanlar – 14 gün

Bu gün işlətdiyimiz hesablama bütün dünyaya Roma imperiyası sayəsində yayıldı. Halbuki romalılar əvvəlcə səkkiz günlük qrafiklə yaşayırdılar: bazarlar səkkiz gündən bir işləyirdi.

Sezardan Konstantinə

İmperiya genişləndikcə mədəniyyətlər qarışdı. Daha əlverişli olan yeddi günlük sistem tədricən köhnə rejimi sıxışdırıb çıxardı. Eramızdan əvvəl 45ci ildə Yuli Sezar təqvimini tətbiq etdi: on iki ay, üç yüz altmış beş gün, hər dörd ildə bir əlavə gün. Amma yeddi günlük həftə Romada rəsmən yalnız 321ci ildə, imperator Konstantin dövründə təsbit olundu. O, bazar gününü istirahət elan etdi.

Qriqorian təqvimi

1582ci ildə Papa XIII Qriqori katolik ölkələrində yeni təqvim tətbiq etdi. O, Yerin Günəş ətrafında dövrünə əsaslanırdı və mövsümlərə daha dəqiq uyğunlaşırdı. Amma həftə yenə yeddi günlük qaldı. Qriqorian təqvimi daha dəqiq çıxdı və tədricən bütün dünyada qəbul olundu. Beşgünlük həftə 1929cu ildə SSRİ fasiləsiz istehsal üçün beşgünlük həftə tətbiq etdi. İşçiləri beş qrupa böldülər, hər qrupun öz istirahət günü vardı. Sistem cəmi iki il davam etdi. Bir ailənin üzvlərinin istirahət günü çox vaxt üst-üstə düşmürdü. Sonra altıgünlük həftə də sınandı və uğursuz oldu. 1940cı ildə SSRİ yeddi günlük iş rejiminə qayıtdı. Fransa inqilabı ongünlük həftəni sınadı. İnsanlar istirahətə qədər doqquz gün dalbadal işləməli oldu. Uğursuzluqla nəticələndi və Fransa yeddi günlüyə qayıtdı. Bütün alternativlər həyat ritmini pozdu. Yeddi günlük həftə universallığı və rahatlığı sayəsində qaldı.

Hazırladı: Mədinə Məcidli