Ərəb mənşəli “tərbiyə” sözünün kökü uca Yaradanın “Rəbb” adından gəlir, ruhunda böyütmək, bəsləmək, inkişaf etdirmək, kamilləşdirmək və istiqamət vermək kimi ali mənalar yer alır. Ən əsası odur ki, tərbiyə sadəcə nəsihətlərlə öyrədilmir, həm də gözəl örnəklər vasitəsilə mənimsədilir. Mənəvi dəyərlərin ikinci plana keçdiyi dünyamızda hələ də əxlaqi keyfiyyətlərin insanlığı xilas edəcəyinə inanan və bunun uğrunda mübarizə aparan xeyli fikir adamı var. Şübhəsiz, tərbiyə təsir gücünü heç vaxt itirməyən dəyərdir. Bu baxımdan ölkəmizdə də müasir dövrün tələblərinə məsuliyyətlə yanaşan, zəmanənin ruhunu anlayan savadlı vətəndaşlar yetişdirmək hər kəsin amalı və arzusu olmalıdır. Bu istəkləri gerçəkləşdirməyin yolu yeni nəslin daxili potensialını, emosional zəkasını, yaradıcılıq ədəbini, ünsiyyət qabiliyyətini kəşf etməkdən keçir. Aydındır ki, tərbiyə anlayışı təkcə valideyn, məktəb və müəllim üçbucağı ilə məhdudlaşmır. O, qlobal mühitdə müxtəlif davranış modellərinin təsiri ilə formalaşır, bəzən ifrata, bəzən isə təfritə varan yanaşmalar şəklində qarşımıza çıxır. Buna görə də cəmiyyətimizdə gənclərə, əsasən, xeyirxah, faydalı və saleh insan olmaq modelini aşılamalıyıq. Çünki tərbiyə mahiyyətcə mənəvi dəyərlərin tükənməz məxəzi və məcmusudur. Bura ağıl, vicdan, qəlb, iradə və ən əsası nəfsin tərbiyəsi daxildir.
Biz insanın qəlb və ruh dünyasının yeganə islah yolunu doğru tanımalıyıq. Hər şey nəfsin tərbiyəsi və islahından başlayır. Nəfsi tərbiyə etmədən insani davranışların islahını gözləmək əbəsdir. Yoxsa dövrün qlobal mədəni basqıları qarşısında “necə daha məşhur olum?”, “necə zənginləşim?” suallarını ötüb keçərək “necə yaxşı insan olum?” fədakarlığını göstərə bilmərik. Yalnız məqsədi bəlli olan tərbiyə ilə böyük uğurları riyadan qoruya bilərik. Tərbiyə mahiyyət etibarilə şəxsiyyətli, məsuliyyətli və gələcəyini düşünən insan yetişdirir. Əlbəttə, belə ilahi tərbiyə öz yetirmələrini saxta “tərbiyə məktəbinə” çevrilmiş sosial medianın tozuna-torpağına, çirkinə bulaşmağa qoymaz. Artıq hər kəs fərqindədir ki, insan ən çox kimi dinləyirsə, ona bənzəməyə başlayır. Ziyanlı meyillərlə zəhərlənmiş kiçik ekranlar gecə-gündüz cəmiyyəti məşğul edərək əsirinə çevirir. Limitsiz və nəzarətsiz informasiya seli el-oba, kənd-kəsək demədən hər yeri ağuşuna alıb təhdid edir. Bu mərhəmətsiz fırtınalar, zalım qasırğalar qarşısına çıxanları kökündən qopararaq məhv edir. Yalnız hər şeyi görən, bilən Rəbbə aid köklü dəyərlər istisnadır. Çünki onlar dünya evinə əmanət edilib və qiyamətə qədər sürəcəkdir. Bu müstəsna dəyərlər yalnız tərbiyə yolu ilə qəlblərə nüfuz edir. Beləcə, vicdanlar oyanır, könüllər dərgaha çevrilir, düşüncələr aydınlaşır, insan həddini bilir, vəzifəsinin ləyaqətini fəhm edir. Getdikcə mənəviyyatı zənginləşir, mərhəmət və şəfqət hissləri güclənir. Sərvəti çoxalsa da, təvazökarlığı azalmır. Bilikləri artsa da, hikməti unutmur, şöhrəti dünyaya yayılsa da, haqq və ədalət ruhunu qoruyub saxlayır.
Dünya tamamilə yeni mərhələyə qədəm qoyur. Artıq sürətli texnoloji sıçrayışlar, süni intellekt manevrləri yer üzündəki bütün anlayışları, münasibət və düşüncələri kökündən dəyişmək istəyir. Bununla təkcə bir cəmiyyətin deyil, bütövlükdə bəşəriyyətin həyatı hədəfə alınır. Hazırda millətlərin, hətta dünyanın taleyini, xəritəsini dəyişmək, mövcud nizamı yenidən qurmaq, hər şeyi kökündən sarsıb yeniləməyi hədəfləyən düşüncə ilə qarşı-qarşıyayıq. Təcrübə göstərir ki, bu qlobal “islahatçılar” bütün bunları böyük ordularla deyil, çox sadə, məsum görünüşlü “tərbiyə və təhsil modelləri” ilə həyata keçirmək istəyirlər. Şübhəsiz ki, ağac böyüdükcə əyrisini düzəltmək çətinləşir, təməli düzgün qoyulmamış binanın isə həmişə çökmə təhlükəsi var. Hələ də “Nuhun tufanına” bənzər bir təhlükəni seziriksə, milli və mənəvi varlığımızı qorumaq hər kəsin şərəfli vəzifəsi olmalıdır. İnsan Vətənini, millətini, mənəviyyatını, bayrağını uşaqlıqdan sevməyi öyrənir. Xarakter, şəxsiyyət, kimlik şüuru elə beşikdən formalaşmağa başlayır. Ona görə hər kəs böyük məsuliyyət hissi ilə özünə bu sualı verməlidir: “Biz necə övlad yetişdirməliyik?” Axı məqsədi, məramı və hədəfi qeyri-müəyyən olan tərbiyə sağlam gələcək vəd etmir.
Uşaqlıq insanın ömür kitabının ən həssas, ən təmiz səhifəsidir. Buraya yazılan hər hərf, hər kəlmə, hər cümlə onun gələcək taleyini müəyyən edir. Çünki insanın düşüncə dünyası, dəyərləri təqdir etməsi, dost çevrəsi, həyata baxışı, kainata və Yaradana münasibəti, cəmiyyət qarşısındakı məsuliyyət hissi, əsasən, o kəlmələrin ruhunda gizlənir. Əminliklə deyə bilərik ki, insanı ucaldan yaddaşına yığdığı, hafizəsinə yerləşdirdiyi quru informasiya toplusu deyil, mənəviyyatdır. Mənəviyyatı güclü olan nəsil doğru seçim etməyi bacarır, informasiya bolluğu və xaos qarşısında özünü itirmir. O, ruhunu minlərlə ziddiyətli informasiya selində yad təsirlərdən qoruyur. Oyanmış nəsil inandığı yolda yorulmaq bilməz, çiyinlərində daşıdığı ağır yükdən bezməz. Ömür boyu əmanəti qorumaq üçün yeni-yeni xəyallar qurar. Məramsız addım atmaz, ötəri dəblərin təsirinə, düşmən tələsinə düşməz. Məna dənizinin dərinliklərinə enər, elm və irfanın fövqünə yüksələr. Mənasız məşğuliyyətləri tərgidər, geri qaytarmaq mümkün olmayan zamanı ekranların əlindən xilas edərək yaradıcılıq rənginə bürüyər. Bu nəsil hazır saxta cavablardan, qlobal şəkildə hazırlanmış təhlükəli planlardan vaxtında xəbərdar olar, millət və vətən mənafelərini hifz etməyi özünə şərəf bilər.
Oxumayan, öyrənməyən nəsil başqalarını təqlid edər, onların cızdığı sərhədlər daxilində düşünər. Halbuki böyük mədəniyyətlər quran, fatehlər, bahadırlar yetişdirən nəsil oxuyan, mühakimə yürüdən, sual verən, düşünən və təfəkkür edən cəmiyyətdən çıxır. Həyatın və tarixin ən ağır yükləri bu gənc nəslin çiyinlərində daşınar, cəmiyyəti təngə gətirən problemlərin əksəriyyəti onların sadə, amma şüurlu səyləri ilə həllini tapar. Bu cür tərbiyə ilə qurulan ailələr sarsılmaz qala kimi möhkəm dayanar, cəmiyyətdəki ədalətsizlik, yalan, rüşvət və etimadsızlıqlar isə getdikcə aradan qalxar.
O, Haqqdan aldığını xalqa verməyi bir məziyyət kimi mənimsəyər. Həqiqi sevgini əbədi dəyər kimi qəbul edər. Şəhid cənnətə can atan kimi, o da bayrağın yüksəlməsinə çalışar. Ali ədəb və mərifətlə özü olmağa, milli məfkurəsinə sadiq qalmağa səy göstərər.
Müqəddəs dəyərlərdən əl çəkən nəsil isə yad ünsürlərin əlində oyuncağa çevrilməkdən xilas ola bilməz. Haradan gəldiyini, hara gedəcəyini, varlığının əsl mahiyyətini dərk etməz. Kimə nəyə görə xidmət və səcdə etdiyini, sığındığını anlamaz. Müqəddəs dəyər və inanclarına sadiq nəsil isə millətin yükünü daşıyanlardan, gecə-gündüz çalışanlardan çox şey öyrənər. Onlar heç vaxt ümid işıqlarını söndürməzlər. Zülmətə düçar olanların xilasına çalışar, imdad diləyənlərin yarasına məlhəm olarlar. Əllərindəki mala-mülkə zənginlik nişanəsi deyil, möhtaclarla paylaşmaq imkanı kimi baxarlar.
Doğru tərbiyə insanı addım-addım uğura aparır, ona sarsılmaz etibar və etimad qazandırır. Ədalət şüuru aşılayır, mərhəmət məfkurəsi təlqin edir. Onu vicdanlı, səbirli şəxsiyyətə çevirir. Bəli, zəmanəsinə görə doğru tərbiyə almış gənclik öz millətinin taleyini, qədərini müsbət yöndə dəyişdirməyə qadirdir. O, həyata və həqiqətə elə sevgi ilə bağlanır ki, cahandakı imtahan yükünü daşımaqdan həzz alır. Bu yük nə qədər ağır olsa da, onu daşımaq ləyaqət hissini gücləndirir. Onun məfkurə dünyasında məşhurluq ehtirasından çox, faydalı olmaq mühüm rol oynayır. Ən böyük zəfər nəfsinə qalib gəlməkdir. Gözəl cəmiyyət yalnız qanunlarla deyil, vəfalı və sadiq insanlarla qurulmalıdır. Yaxşı insanlar, xeyirxah adamlar təsadüfən yetişmirlər. Ona görə də tərbiyəli insan fani ömrünü yalnız gözəl tərbiyədən gələn sevgiyə, elmdən doğan hikmətə, mərifətdən qaynaqlanan həzzə və irfan pətəyindən süzülən dəyərlərə həsr edər.
Əsrlərdən bəri gənc nəsillərin qulağını yağır edən, artıq şablona çevrilən bir cümlə var: “Bizim vaxtımızda belə deyildi”. Bu fikir müasir dövrümüzdə də kifayət qədər aktualdır. Çünki bu gün balaca uşaqların belə əlindən düşməyən kiçik bir ekran böyük dünyanı içində daşıyır. Artıq bu uşaqları öz dövrümüzün qəliblərinə salmaq, standartlarına uyğunlaşdırmaq imkanımız yoxdur. Onlar bizim keçmişimizi yaşaya bilməzlər. Onlardan bunu tələb etmək isə haqsızlıqdır. Böyük elm və irfan sahibi İmam Əli (ə) əsrlər öncə demişdi: “Övladlarınızı öz zamanınıza görə deyil, onların yaşadığı zamana görə tərbiyə edin”. Zaman yerində durmur, sürətlə axıb gedir. Süni intellekt dalğası, rəqəmsal münasibətlər rüzgarı dünyanı pəncəsinə alır. Valideyn kimi bizim ən böyük işimiz bu təlatümlü dövrdə zəmanənin ruhuna uyğun tərbiyə və irşad vəzifəsini yerinə yetirməkdir. Köhnəlmiş alətlərlə yeni binalar tikmək həvəsi yanlışdır. Uşaqlarımızı qorumaq naminə onları böyük bir aləmdən uzaqlaşdırmağa, təcrid etməyə cəhd göstəririk. Hər yersiz qadağa gözümüzün nuru olan övladlarımızı bizdən uzaqlaşdırır, onları tərəqqinin əlindən alıb cəhalətin ayaqları altına atır. Əxlaqın ruhunu, mənəviyyatın gözəlliyini, soy-kökümüzü, kimliyimizi, milliliyimizi və irsimizi anlamasına mane olur. Bəli, övladlarımız bizim keçmişimizin təkrarı ola bilməz. Çünki onlar gələcək mədəniyyətimizin real daşıyıcıları və qurucularıdır. Unutmayaq ki, onların oyunları belə tamamilə dəyişib. Yuxarıda söylədiyimiz imamın müdrik sözünü xatırlayaq! Bu ifadə bizim üzərimizə ciddi məsuliyyət qoyur. Övladlarımızın bizə verilən əmanət olduğunu xatırladır. Qəribədir ki, uşaqlarımıza baxarkən onları öz varlığımızın davamı kimi görürük. Keçmişdə bacarmadığımız, edə bilmədiyimiz hər şeyi onlardan gözləyirik. Gələcəyə baxan, sabahın təhlükələrini dəqiq görən valideyn kor-koranə qadağalar qoymaq əvəzinə, təlatümlü dənizdə üzməyi, gəmiləri idarə etməyi bacaran övladın tərbiyəsinə köklənir. Onda uşaqlarla ünsiyyətimiz düzələr, aramızdakı etibar körpüsünü təmir edə bilərik. Əks halda, əti, qanı, canı bizdən olan övladlarımız yad bələdçilərə üz tutar, onların saxta vədlərinə aldanar və təhlükəli aqibətlə üzləşərlər. Əlbəttə, ilk missiyamız onların əlindən tutub istiqbala əmin addımlarla irəliləmələrinə vəsilə olmaqdır.
Vətənini, dövlətini, bayrağını sevən bir nəsil dünya dəyişsə, metodlar yenilənsə belə, ümumbəşəri əxlaqi dəyərləri baş tacı kimi saxlamaqda davam edir. Dürüstlük, mərhəmət, ədalət, iffət kimi təqdir olunan insani dəyərlər heç zaman qocalmır. Hər dövrün öz dili, öz ritmi, öz sınaqları olsa da, mənəviyyatın sarsılmaz dəyərlərini dəyişdirə bilməz. Doğrudur ki, bu gün hansı ailənin qapısını döysək, valideynlərin gizli şikayətini və ya aşkar gileyini eşidərik. Təəssüflə deməliyik ki, həmin ağrılı reallıq bu günün uşaqları üçün heç bir əhəmiyyət kəsb etmir. Yuxarıda söylədiyimiz kimi, bütün dünya dəyişir. Ona görə uşaqları keçmişin qəliblərinə salmaqdan çox, onların azad düşünməsinə hörmətlə yanaşmaq, əxlaqi dəyərlərə yiyələnmələrinə çalışmaq daha doğru olar. Uşaqların ruh dünyasını anlamaq, könül dillərini öyrənmək, vicdanlarının səsini eşitmək onlarla dost olmaq üçün mühüm amildir. Çox valideyn elə bilir ki, uşağın əlindən planşeti, telefon və kompüteri almaqla problemi həll edə bilər. Virtual dünyanın icad etdiyi bütün eybəcərliklərin, mənəvi təhlükələr və əxlaqi aşınmaların qarşısını almaq üçün ən gözəl yol doğru yönləndirmədir. Bu, uşaqların qəlb və düşüncə dünyasında elə təsir, elə köklü dəyişiklik yarada bilər ki, onlar dünyanın harasında olsalar da, dəyərlərinə biganə qalmazlar.
Ağa Hacıbəyli



