Xəbərlər

Ankarada Azərbaycan qadın şairlərinin yaradıcılığına həsr olunmuş antologiya nəşr edilib

Ankarada Azərbaycan qadın şairlərinin yaradıcılığını əks etdirən “Xarıbülbül” antologiyası işıq üzü görüb.

“Füyuzat” xəbər verir ki, Kərkük Mədəniyyət Dərnəyinin 36-cı nəşri olan kitab Kərkük əsilli tədqiqatçı, jurnalist Şəmsəddin Küzeci və azərbaycanlı professor, şair Rəsmiyyə Sabir tərəfindən ərsəyə gətirilib.

Altı ay davam edən hazırlıq prosesində Azərbaycanda araşdırmalar aparılaraq 64 qadın şairin bioqrafiyası, fotoşəkilləri və müxtəlif mövzularda qələmə aldıqları şeirləri toplanıb. Materiallar Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə uyğunlaşdırılıb, nəşrin redaktə işlərini isə Neslihan Yaşar həyata keçirib.

Qeyd edək ki, Şəmsəddin Küzeci daha əvvəl 2010-cu ildə “İraq türkmən qadın şairləri” (“Solmayan papatyalar”) və 2015-ci ildə “Türk dünyası qadın şairləri” (“Novruz çiçəkləri”) kitablarını nəşr etdirib.

“Xarıbülbül” antologiyasının təqdimatı və imza mərasiminin oktyabrın 25-də XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakıda, daha sonra isə Ankarada keçirilməsi nəzərdə tutulur.