Mədinə Məcidli • Xəbərlər

Göydə əbədi qovuşan əkizlər

Əkizlər bürcünün hekayəsi qədim yunan mifologiyasında Kastor və Polluks adlı iki qardaşla əlaqələndirilir. Qədim yunanlar gecələr səmada bir-birinə yaxın görünən iki parlaq ulduzu qardaşların simvolu hesab edirdilər. Sonralar onların hekayəsi astronomiyada Əkizlər bürcünün yaranması ilə əlaqələndirildi.

Rəvayətə görə, Ledanın əkiz oğlu olur, lakin onların biri insan, digəri isə ilahələr nəslindən gəlir. Hekayənin ən maraqlı tərəfi isə Kastor və Polluksun bir-birindən ayrılmamasıdır. Kastorun atası Sparta kralı Tindarey, Polluksun atası isə Zevs hesab olunurdu. Qardaşlardan Kastor ölümlü, Polluks isə ilahi mənşəyə malik və ölümsüz idi. Uşaqlıqdan bir-birinə çox bağlı olmuş, birlikdə böyümüş və müxtəlif hadisələrdə yan-yana iştirak etmişdilər. Kastor xüsusilə at minmək və döyüşmək bacarığı ilə tanınırdı. Polluks isə yumruq döyüşündə mahir idi. Onlar Arqonavtların məşhur səfərində də iştirak etmişdilər. Səfərdə qəhrəman Yason və digər döyüşçülərlə birlikdə Qızıl Yun axtarışına çıxmışdılar. Əfsanəyə görə, Polluks dənizdə fırtına zamanı gəmini xilas etməsi səbəbindən sonralar dənizçilər onu qoruyucu kimi də qəbul edirdilər.

Qardaşların hekayəsinin ən mühüm hissəsi isə onların ölümü ilə bağlıdır. Kastor və Polluks başqa iki qardaş – İdas və Linkey ilə münaqişəyə qoşulurlar. Döyüş zamanı Kastor öldürülür. Polluks isə ölümsüz olduğu üçün ölmür. Lakin qardaşının ölümündən sonra Polluks artıq ölümsüzlüyü xoşbəxtlik kimi qəbul etmirdi. O, Kastorsuz yaşamaq istəmir və Zevsdən qardaşı ilə taleyini bölüşməyə icazə istəyir. Zevs oğlunun fədakarlığından təsirlənir. Mifin ən məşhur tərəfi, Zevs Polluksa ölümsüzlüyünü Kastorla bölüşməyə imkan verir. Beləliklə, iki qardaşdan biri tamamilə ölməz olmaq əvəzinə, onlar birlikdə yaşamaq və birlikdə ölmək arasında bölüşdürülmüş taleyə sahib olurlar. Zevs onları göydə əbədi olaraq bir-birinin yanında yerləşdirir və beləliklə Əkizlər bürcü yaranır.

Əkizlər bürcü iki əsas parlaq ulduzun – Kastor və Polluksun adını daşıyır. Polluks bürcün ən parlaq ulduzudur, Kastor isə onun yaxınlığında yerləşir. Göydə bir-birinə yaxın görünən iki ulduz qədim mifdəki qardaşların ayrılmazlığını simvolizə edir. Əkizlər bürcünün əsas ideyası qardaşlıq, sədaqət, fədakarlıq və ayrılmaz bağlılıq haqqında hekayədir. Polluksun öz ölümsüzlüyünü qardaşı ilə bölüşmək istəməsi onun üçün şəxsi əbədi həyatdan daha vacib olanın qardaşından ayrılmamaq olduğunu göstərir. Məhz buna görə qədim dünyada Kastor və Polluks dostluğun və qardaş sədaqətinin simvollarından birinə çevrilmişdilər.

Müəllif: Mədinə Məcidli