“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu dəfə “Həftənin əsəri” nominasiyası üzrə seçilən Lüdovik Kennedinin “Qreys Errohed” hekayəsidir. Xoş mütaliələr!
Nənənin necə biri olduğunu müharibədən sonra anamla birlikdə yaşamağa başlayandan və səksən beş yaşında ayağını sındırandan sonra bildim.
Uşaqlığımla bağlı xatırladığım hər anımda o bizimləydi. Nənə ailəmin üç yüz ildir yaşadığı Oksfordşirdəki malikanə həyatının ayrılmaz, amma bir o qədər də arxa planda qalan bir parçası olmuşdu (anam öldükdən sonra ailəm artıq burada yaşamayacaqdı). İyirmi iki yaşında gənc qız ikən anamın dünyaya gəlməsinə kömək etmişdi; yarım əsr sonra atam bu dünyadan köçəndə yanında o vardı. Bu iki hadisə arasındakı illərdə bacımın, mənim və saysız-hesabsız əmioğlu, xalaoğlu və digər qohum uşaqlarımızın dayəsi olmuşdu. O, hər zaman bizə sədaqətlə xidmət edirdi. Böyük və dağınıq ailəmizin heç bir üzvünün onun qayğısına ehtiyacı olmayanda belə… Amma hamı bilirdi ki, Nənə, ilk növbədə, bizim dayəmizdir. Ailənin həyatında nəsə dəyişiklik baş verəndə – qızlardan və ya bacı qızlarından biri ərə gedəndə, ailəyə körpə gələndə, yaxud xəstə birinə qulluq etmək lazım olanda, bir sözlə, evdə gözlənilməz bir böhran yarananda həmən Nənənin dalınca adam göndərilirdi. O da vaxtilə uşaq otağı olmuş, sonralar dərs otağına çevrilmiş və nəhayət, hamının razılığı ilə “tikiş otağı” adlandırılan köhnə otağında öz əvvəlki yerini tuturdu.

İllər keçəndən sonra geriyə baxıb uşaqlığıma nəzər salanda anlayıram ki, əslində, onun haqqında çox az şey bilirmişəm. Uşaqlar belədir. Onları böyüdən, qayğısına qalan insanları sorğu-sualsız qəbul edirlər; onları başqa mühitdə, başqa həyatda təsəvvür etmək ağıllarına belə gəlmir. Nənənin görkəmi ilə bağlı xatırladığım isə yalnız iri, qonur, spaniel itinin gözlərini xatırladan gözləri, mülayim çöhrəsi və nəzərə çarpacaq dərəcədə bükülmüş beli idi. Uzun müddət onun əsl adını, bizimlə olmadığı vaxt harada yaşadığını bilmirdim. Bizə baxan digər dayələr soyadları ilə çağırılırdı. Məsələn, dayə Burket və ya dayə Smit. “Nənə” deyiləndə isə yalnız bir nəfər ağla gələ bilərdi. Milad bayramlarından birində Nənə bizimlə olmadığı üçün anam mənə onun hədiyyəsini poçtla göndərməyi tapşırdı. Bəlkə də, bu hadisə olmasaydı, adını heç vaxt bilməyəcəkdim. “Qreys Errohed” adını ilk dəfə eşidəndə bu ad mənə nədənsə qəribə, hətta bir qədər xoşagəlməz gəlmişdi. Amma görünür, bu məni çox da narahat etməmişdi; çünki az sonra unutmuş, növbəti Miladda yenidən anamdan soruşmalı olmuşdum. Nənənin daimi ünvanı Müsvel Hilldə yerləşirdi, o, bacısının yanında yaşayırdı. Lakin o vaxt “Müsvel Hill” də mənim üçün heç bir məna kəsb etmədiyindən ünvanı çox keçmədən unutdum.

Nənə ilə bağlı uşaqlıq xatirələrimin hamısı xoş xatirələrdir. Düşünürəm ki, o, həyatda tanıdığım ən mehriban və ən səxavətli insanlardan biri idi. Bütün həyatı sanki mənim rahatlığıma, maraqlarıma və rifahıma həsr olunmuşdu. Mənə deyirlər ki, balaca vaxtlarımda çox dəcəl uşaq olmuşam. Elədirsə, Nənə bundan heç vaxt əziyyət çəkməyib, ya da əziyyət çəkibsə belə, bunu mənə heç vaxt hiss etdirməyib. Bu baxımdan o, digər dayələrimizdən tamamilə fərqlənirdi. İndi üstündən bu qədər il keçəndən sonra belə, onları xatırlayanda içimdə yalnız ikrah hissi yaranır. Mənim dəcəlliyim ucbatından (məni çimizdirəndə bəzən onları dişləyirdim) onlar çox qalmırdılar. Ən dözülməz xüsusiyyətləri isə özlərindən çox razı olmaları idi. Daim mənə nəsihət verməkdən, əmr etməkdən, hər şeydə məni günahkar çıxarmaqdan yorulmurdular. Həmişə “Cəld ol!”, “Sözlərimə yaxşı qulaq as!” kimi ifadələr işlədirdilər. Mən üzümü qorxunc şəklə salanda isə hamısı bir ağızdan: “Buna davam etsən, üzün həmişəlik əyri qalacaq”, – deyirdilər. Nənə belə şeylər eləməzdi. Üstəlik, onun bircə dəfə də əsəbiləşdiyini xatırlamıram. Uşaqlıqda tanıdığım heç kim haqqında bunu deyə bilmərəm.
Onun danışığı həmişə çox məlahətli və mehriban olurdu. Məni həmişə “əzizim” və ya “əziz oğlum” deyə səsləyirdi (Digər dayələr isə “Cənab Con” deyirdilər). Əgər məndən dadsız bir şeyi yeməyimi istəyirdisə, deyirdi: “Dadlıdır, həm də çox xeyirlidir, əzizim”, “Bu sənin qanını artıracaq”. Məncə, bunu məni aldatmaq üçün demirdi, həqiqətən, inanırdı. Onun ciddiyyətini ifadə edən tək kəlmə “Tələs” idi. Amma tək-tük hallarda işlədərdi. Başqa dayələrin möhkəm əsəbiləşəcəyi vəziyyətlərdə. Düşünürəm ki, ona ən çox xəstə olduğum vaxtlarda mənə göstərdiyi qayğıya görə minnətdaram. Suçiçəyi, qızılca və ya uşaqlıqda keçirdiyimiz digər bezdirici xəstəliklərdən biri səbəbilə yatağa düşəndə Nənə mənə qulluq edirdi. “Uşaq sakit uzanmalıdır, xanım, bir də bol maye qəbul etməlidir”, – deyə anama bildirirdi. Sonra da öz tövsiyəsinə sədaqətlə əməl edər, yatağımın yanına təzə hazırlanmış limonad qoyardı. Vaxt öldürməkdən ötrü bəzən mənə pazl yığmaqda və ya Meccano konstruksiyasından ev düzəltməkdə kömək edirdi. Bir dəfə parotit xəstəliyinə tutulduğum vaxt birlikdə böyük ispan gəmisi düzəltmişdik. Bu işlərlə məşğul olarkən o, həmişə asta səsi ilə melodiyasız zümzümələr edirdi.
1939-cu ildə, iyirmi yaşım olanda müharibəyə getdim. Getməmişdən qabaq Nənəni görməmişdim və hardasa doqquz-on il sonra – Londondan xaricə növbəti səfərlərimdən birinə çıxmazdan əvvəl bir neçə günlüyə evə qayıdanda onu yenidən gördüm. Nənə yenə tikiş otağındakı köhnə yerində idi. Onun niyə orada əyləşdiyini bilmirdim, amma bunun mənə zərrə qədər qəribə gəlmədiyini xatırlayıram; əslində, mənə elə gəlmişdi ki, dünyada bundan daha təbii bir şey ola bilməz. Anam izah etdi ki, Nənənin Müsvel Hilldə yaşayan bacısı vəfat edib və Nənənin qalmağa yeri qalmayıb. Səbəbin nə olması məndən ötrü heç nəyi dəyişməzdi. Nənə həyatımın ayrılmaz bir parçası idi və uşaqlıqda onu necə qəbul etmişdimsə, indi də eləcə qəbul etdim. Onu uzun müddət görməmişdim. İndi mən artıq həyatı dərk edə biləcək yaşa çatmışdım və düşünmək olardı ki, ona tamam başqa gözlərlə yanaşacağam. Amma belə olmadı. O da davranışında və görkəmində həyatımın əvvəlki dövrlərində necə olmuşdusa, elə görünürdü; heç nə dəyişməmişdi.
Xaricə getməyimdən bir gün qabaq hava çox soyuq idi. Bayırda əsl qış şaxtası vardı. Qar erkən yağmışdı. Günortadan sonra gəzintiyə çıxdım. Evə qayıdarkən göy üzü qaralmağa başladı. Anam cəmiyyətin rifahı naminə həyatını həsr elədiyi saysız-hesabsız işlərindən birinə getmişdi. Mən isə tikiş otağında Nənə ilə çay içib krampet yeməyi səbirsizliklə gözləyirdim. Evə yaxınlaşanda bir nəfərin pilləkənlərdən qaçaraq məni qarşılamağa gəldiyini gördüm. Bu, ev işlərinə nəzarət edən xanım – Missis Devis idi.

– Cənab Con, dəhşətli bir hadisə baş verib, – dedi. – Yazıq Errohed pilləkənlərdən yıxılıb, bərk xəsarət alıb. Onu qonaq otağına uzatmışam. İndi rayon tibb bacısı da yanındadır.
Evə girdim və qonaq otağından çıxan rayon tibb bacısı ilə qarşılaşdım. Dolğun bədənli, işini yaxşı bilən və özündənrazı görkəmi vardı.
– Görünür, ayağı sınıb, – dedi. – Elə də qorxulu görünmür, amma yaşı çox olduğu üçün öncədən nəsə demək olmur. Üstəlik, güclü şok keçirib. Ağrısını azaltmaq üçün iynə vurmuşam, amma onu xəstəxanaya nə qədər tez çatdıra bilsək, bir o qədər yaxşıdır.
Dəhşətli dərəcədə sarsıldım. Kimisə ağrı içində görmək onsuz da ağırdır, xüsusilə də bu insan yaşlı, özünü ifadə etməkdə çətinlik çəkən və sevdiyiniz biri olduqda. Amma Nənənin çəkdiyi əzabda bundan əlavə, bir növ dəhşətli və qəribə bir şey də vardı. Otuz il ərzində mən ona öz arzuları, ümidləri və duyğuları olan bir insan kimi yox, sevginin, yaxşılığın və mülayimliyin saf mənbəyi kimi yanaşmışdım; sanki o özü əzab çəkə bilməzdi. Onun məqsədi başqalarının əzabını yüngülləşdirməkdi…
İndi isə illər ərzində şüursuz şəkildə qurduğum bu təsəvvür bir anda dağıldı və onun arxasından yaşlı, yorğun, xəstə bir qadın göründü. Onu tanıdığım vaxtlarda aramızda sosial fərq görməmişdim. Çünki biz varlı deyildik, Nənə də, məncə, çox kasıb sayılmazdı. Amma indi onun kövrək simasına, əlvan çintz parçası ilə örtülmüş bədəninə baxarkən mənə elə gəldi ki, aramızda ölçüyəgəlməz bir uçurum var. Nənənin çəkdiyi əzab mənə dəhşətli və qeyri-insani bir şey kimi görünürdü. Gördüyüm mənzərədən xəxalət çəkirdim. Elə bil hər şeyə mən səbəb olmuşdum…
Təcili yardım maşını gələnə qədər iynə təsirini göstərməyə başlamışdı və Nənə gözləri yumulu halda divanda uzanmışdı. İki kişi xərək gətirib içəri girdi. Rayon tibb bacısı onlarla bir dəqiqə danışdı, sonra Nənəni xərəyə uzatdılar və tərpənməsin deyə ayağını sarımağa başladılar. Onlar işlərini soyuqqanlılıqla görürdülər. Onlar bu soyuqqanlılığı illərin təcrübəsində qazanmışdılar. Amma bunu sözdə demək asan idi. Onların Nənəyə münasibəti ilə mənim münasibətim arasındakı fərqdən narahat olurdum.
Onlar işlədikləri vaxt rayon tibb bacısının göstərişi ilə Nənənin yataq otağına qalxmış Missis Devis qayıtdı. Əlində Nənənin bir neçə əşyasından ibarət balaca bir bağlama vardı – gecə köynəyi, yataq otağı başmaqları, saç darağı və yuyunma çantası. Bu əşyaları əvvəllər heç vaxt görməmişdim və onları görmək məni qəribə şəkildə sarsıtdı. Sanki təsadüfən çox yaxın bir dostumun sevgi məktublarının üstünə çıxmışdım. Təcili yardım işçiləri Nənənin ayağını bərkidib sarıdıqdan sonra onu bayıra çıxarıb təcili yardım maşınına yerləşdirdilər. Məhz həmin an başa düşdüm ki, rayon tibb bacısı onunla getməyəcək; onun işi təcili yardım işçilərinin işi başladığı yerdə bitmişdi. Bu soyuqqanlı və işgüzar kişilərin Nənə ilə tabuta aparılan meyit kimi rəftar etməsinə dözə bilmədim və mənim də gedib-gedə bilməyəcəyimi soruşdum.
– Mən getsəm, daha yaxşı olmazmı, ser? – deyə Missis Devis soruşdu.
Yəqin ki, daha yaxşı olardı. Amma mən hələ də bu məsələdə şəxsi məsuliyyət daşıdığım fikrinə ilişib qalmışdım. Orada olmağım nə qədər faydasız olsa da, bu qaranlıq anda Nənə ilə birlikdə getməklə onun mənim üçün etdiyi hər şeyin əvəzində heç olmasa kiçik bir qarşılıq vermiş olacağımı düşünürdüm. Evdən kənd xəstəxanasına təxminən səkkiz mil məsafə var. Normalda bu yol iyirmi dəqiqə çəkir, amma qardan sonra yollar hələ də buz bağlamışdı və maşını yavaş sürmək məcburiyyətində idik. Təcili yardım işçilərindən biri sükan arxasında idi; digəri isə arxada, Nənənin qarşısında yerləşən taxta oturacaqda mənim yanımda oturmuşdu. Ay bədirlənmişdi, o qədər parlaq işıq saçırdı ki, şüaları Nənənin başının üstündəki balaca şüşədən içəri süzülür, mənim və təcili yardım işçisinin dizlərini bənövşəyi bir işığa qərq edirdi. Nənə isə kölgələrin içində uzanmışdı. Yarım saatdan bir qədər artıq yol getmişdik və yəqin ki, xəstəxanaya təxminən yarım mil qalmışdı ki, qarşımda yüngül bir tərpəniş hiss etdim. Yarımqaranlıqda nəyisə aydın görmək çətin idi, amma Nənənin qalxdığını ayırd edə bildim. Heç nə demir, heç bir səs çıxarmırdı. Amma təcili yardım maşını bir anda qorxu və təlaşa büründü.
Bir neçə saniyə susduq. Sükutu Nənə özü pozdu:
– Bu nədir?
Bu ifadənin özündə, qeyri-təbii səslənişində izaholunmaz dərəcədə pis bir əlamət vardı. Təcili yardım işçisi irəli əyilib dedi:
– Hər şey qaydasındadır, xanım. Siz sadəcə uzanın və dincəlin. Sizi xəstəxanaya aparırıq, hər şey yaxşı olacaq.
Nənə əvvəl tərpənmədi, heç nə demədi. Sonra sakit səslə danışdı:
– Mənə heç nə edə bilməzsiniz.
Sonra yenə sükut çökdü, əvvəlkindən də ağır bir sükut. Təcili yardım işçisi də bunu hiss etmişdi; bədəni hər an hərəkətə keçməyə hazır vəziyyətdə gərilmişdi.
– Nə istədiyinizi yaxşı bilirəm, – Nənə dedi. – Pullarımın dalınca düşmüsüz. Amma məndən heç nə qopara bilməyəcəksiz. Hamısını gizlətmişəm.
Bunun ardınca gülüşlə qışqırıq arasında qəribə, dəhşətli bir fəryad qopdu. Tezliklə səngidi və sonra Nənə qəfil və sarsıdıcı bir səslə dedi:
– Siz lənətə gəlmişlər!
Təcili yardım işçisi yenidən irəli əyildi. Nənəni xərəyə uzanmağa razı salmaq üçün qolundan tutdu. Bilirəm, niyyəti pis deyildi, amma bu, yanlış hərəkət idi. Başqasının əlini qolunda hiss etmək Nənənin bayaqkı düşüncələrini yenidən hərəkətə keçirdi. Tələyə düşmüş adam kimi cəld və instinktiv hərəkətlə dik oturdu. İndi onun seyrək, boz saçları ayın ziyasında bənövşəyi rəngdə parıldadı və var gücü ilə çırpınmağa başladı.
– Mənə toxunma, əclaf! – qışqırdı. – Çirkli əllərini məndən çək!
Sonra təcili yardım maşınındakıları söydü. Bunlar çox ədəbsiz sözlər idi. Sanki partlamış kanalizasiya borusundan fasiləsiz axan çirkli su kimi bu sözlər ardı-arası kəsilmədən tökülürdü: ağır uşaqlıq xatirələri, təxminən bir əsrlik həyat boyunca görülmüş, yaşanmış, unudulmuş və indi yenidən xatirinə gələn hadisələr… Nənə təcili yardım maşınından çıxarılıb xəstəxananın qapılarından içəri aparılarkən belə susmadı. Giriş zalında bir qrup tibb bacısını gördü.
– Axmaqlar, pulumun dalınca düşmüsünüz! – deyə qışqırdı. – O biri əclaflar kimi! Mən onu gizlətmişəm və heç vaxt tapa bilməyəcəksiniz. Heç vaxt, heç vaxt, heç vaxt!
Sonra yenə o dəhşətli, yarı isterik, yarı iztirab dolu fəryad qopdu. Mən qapının ağzında dəhşət içində dayanıb onun uzun dəhliz boyunca aparılmasına baxırdım. Nalə və qışqırıqlarını dinləyirdim; nəhayət, bütün bu səslər xəstəxananın qaranlıq içində itib-batdı. Yanımda dayanan bir qadın əlimdəki kiçik bağlamanı aldı və laqeyd səslə dedi:
– Səhər onun vəziyyətinin necə olduğunu sizə xəbər verərik.
Ertəsi gün İngiltərədən ayrıldım və bir neçə ay xaricdə qaldım. Nənənin vəziyyəti ilə bağlı vaxtaşırı anamın məktublarından xəbər alırdım. Həkimlər onun belə tez sağalmasına heyrətlənmişdilər, ağır şok keçirmişdi, və yaşından ötrü bunun ölümcül olmasından qorxmuşduq. Mart ayında anam mənə yazdı ki, Nənə xəstəxanadan buraxılıb və evə qayıdıb. Anam məktublarının heç birində onun davranışında nəsə qəribəlik olduğundan söz açmırdı. Yazda İngiltərəyə qayıtdım və soyuq şimal küləyinin şiddətli əsib parkdakı nərgizlərin başlarını əydiyi bir aprel günü Oksfordşirə getdim. Məni evin giriş qapısında Missis Devis qarşıladı və anamın Çippinq Nortondakı Qadınlar İnstitutuna getdiyini, amma Nənənin tikiş otağında mənə çay vermək üçün gözlədiyini söylədi.
Tikiş otağının qapısında dayandım. Bu bizim münasibətimiz üçün həlledici an idi.
Əgər Nənə o gün baş verənləri xatırlayırdısa və ya xəstəxanadakı hansısa boşboğaz həmin gecə baş verənləri ona danışmışdısa, onda otuz illik münasibətimiz sona çatacaq və Nənə mənim üçün həmişəlik yad adama çevriləcəkdi.
Yox əgər o, baş verənlərdən xəbərsiz idisə, onda hər şey əvvəlki kimi olacaqdı. O, parkdakı ağaclar kimi, evin günəş şüasında yumşalan köhnə daş divarları kimi həyatımın dəyişməz parçası olaraq qalacaqdı.
– Gəl, otur, əziz balam, – Nənə məni səslədi. – Çayın yanında krampet hazırlamışam. Hələ də krampetdən xoşun gəlir?
Mənbə: “The New Yorker” jurnalı
İngilis dilindən çevirən: Fidan Vahid




