Xəbərlər

Region gəncləri üçün növbəti “PeşəFest” təşkil olunub

Oktyabrın 9-da Masallı rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi “PeşəFest-2026” layihəsi baş tutmuşdur.

“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival gəncləri və valideynləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə, karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin Deputatı Məşhur Məmmədov, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov, həmçinin dövlət və özəl təşkilatların rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Araz Əhmədov gənclərin əmək bazarında uğurlu fəaliyyət göstərmələri üçün müasir və tələbatlı peşələr üzrə bilik və bacarıqlara yiyələnmələrinin vacibliyini diqqətə çatdırıb. O, gənclərin peşə seçimi və karyera istiqamətlərinin müəyyənləşdirilməsində bu cür tədbirlərin əhəmiyyətini, “PeşəFest”in regionda gənclərin peşələr barədə məlumatlılığının artırılmasına və gələcək məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Rəşad Mustafayev “PeşəFest”in gənclərimizin müasir əmək bazarının tələblərinə uyğun peşələrlə tanış olmaları və gələcək karyeralarını düzgün qurmaları üçün mühüm platforma olduğunu bildirib. Məşğulluq siyasətinin mühüm tərkib hissəsi kimi, gənc nəslin potensialını aşkar etmək, onları peşə təhsilinə həvəsləndirmək və işəgötürənlərlə effektiv kommunikasiyasını təmin etməyin əsas prioritetlərdən olduğu vurğulanıb.

Məşhur Məmmədov isə doğru karyera istiqaməti seçiminin gələcək uğurların təməli olduğunu qeyd edib. “PeşəFest”in bölgə gənclərinin aktual peşələrlə əyani tanışlığı və məşğulluq imkanları barədə məlumatlılığının artırılması üçün əvəzsiz platforma olduğu vurğulanıb. O, gəncləri mütəxəssislərin tövsiyələrindən maksimum yararlanmağa, rəqəmsal və praktiki sahələrdə peşə vərdişlərinə yiyələnməyə səsləyib.

Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.

Qeyd edək ki, “PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi – IoT) üzrə mütəxəssis, uçuşmühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi vəUI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.

Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

Əlihüseyn Şükürov