Xəbərlər

Tayvanın lideri Çinlə dialoqa hazır olduğunu açıqlayıb

Tayvanın yeni prezidenti Lai Qinqde Çin hökuməti ilə dialoqa hazır olduğunu açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, o bu barədə Kopenhagendə keçirilən Demokratik Zirvə toplantısının iştirakçılarına videomüraciətində deyib.

“Mən Çinlə qarşılıqlı hörmət, fayda və bərabərlik prinsiplərinə əsaslanan dialoqu istisna etmirəm. Taypey və Pekin arasında dialoq ilkin şərt olmadan aparılmalıdır”, – Lai Qinqde vurğulayıb.

Çin hakimiyyəti dəfələrlə Tayvanla dialoqun şərtinin 1992-ci il Konsensusu olduğunu bildirsə də, Lai Qinqde bunu tanımadığını bəyan edib.

“1992 Konsensusu” Honq-Konqda Çin Kommunist Partiyasının və Tayvanda o vaxtkı hakim Kuomintanq partiyasının nümayəndələri arasında tarixi yarı-rəsmi görüşdə əldə edilmiş razılaşmadır. Konsensus Çinin vahidliyi prinsipinin, yəni dünyada yalnız bir Çin dövlətinin olması prinsipinin tanınmasını nəzərdə tutur. Bununla belə, hər bir tərəfin bunu özünəməxsus şəkildə şərh etmək hüququ var.