Kültür-sənət • Xəbərlər

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Türkiyənin İğdır şəhərində Azərbaycan İncəsənət Həftəsi çərçivəsində incəsənət ustalarımızın iştirakı ilə konsert proqramı və milli geyimlərin moda nümayişi təşkil olunub.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, İğdır Valiliyinin və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə keçirilib.

Tədbirdə Qars valisi Fırat Taşolar, Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, yerli dövlət qurumlarının, ictimaiyyətin və mədəniyyət sahəsinin nümayəndələri, eləcə də çoxsaylı İğdır sakinləri iştirak ediblər.

Azərbaycan mədəniyyətinin, milli musiqi və incəsənətinin Türkiyədə tanıdılması məqsədi daşıyan tədbirdə ölkəmizin zəngin mədəni irsi, milli geyim ənənələri, musiqi və rəqs sənəti təqdim olunub.

Əvvəlcə tədbir iştirakçılarına Azərbaycan-Türkiyə qardaşlığı, ortaq tariximiz və zəngin mədəniyyətimiz haqqında məlumat verilib.

Daha sonra Azərbaycan milli geyimlərinin moda nümayişi keçirilib. Bakı Milli Geyim Evinin kolleksiyasına daxil olan libaslar dəfilədə nümayiş etdirilib.

İğdır Universitetinin tələbələri Azərbaycan milli geyimlərini, onların zəngin ornamentlərini və ənənəvi elementlərinin müasir dizaynla vəhdətini nümayiş etdiriblər.

Ardınca Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Konsertdə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, azərbaycanlı vokal ifaçıları İlkin Dövlətov və Elgün Quliyev çıxış edərək milli musiqimizin müxtəlif janrlarını əhatə edən əsərlər səsləndiriblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Zəngəzur” rəqs ansamblı “Cəngi”, “Mirzəyi”, “Vağzalı” və “Naz eləmə” milli rəqslərini təqdim edərək konsert proqramına xüsusi rəng qatıb.

İğdırda keçirilən incəsənət tədbiri Azərbaycan xalqının zəngin milli-mənəvi irsinin, musiqi və geyim ənənələrinin Türkiyədə tanıdılması, eləcə də Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyıb.