Yaxın günlərdə Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına Himayəyə Ehtiyacı olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondu tərəfindən Türkmənistanda MAMA “Ana təbiət” beynəlxalq sərgisi açılacaq.
“Füyuzat” xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov Bakıda Türkmənistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
“Yaxın günlərdə Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına Himayəyə Ehtiyacı olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondu tərəfindən Türkmənistanda MAMA “Ana təbiət” adlı beynəlxalq sərgi açılacaq. Ekspozisiya ölkədə noyabrın ortalarına qədər nümayiş etdiriləcək”, – diplomat bildirib.
O vurğulayıb ki, mədəni-humanitar sahə Türkmənistan və Azərbaycan arasındakı münasibətlərin ayrılmaz hissəsidir: “Türkmənistanda və Azərbaycanda Mədəniyyət günlərinin, sərgilərin, festivalların və digər mədəni tədbirlərin müntəzəm olaraq keçirilməsi ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir”.
Diplomatın sözlərinə görə, 2025-ci ilin oktyabrında Bakı və Gəncədə Türkmənistanın Mədəniyyət günləri keçirilib, bu ilin 5-7 iyun tarixlərində isə Aşqabad və Arkadağda Azərbaycanın Mədəniyyət günləri baş tutub.



