Kültür-sənət • Xəbərlər

Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq

Tarixi Qarabağ zəfərinin qazanılmasında iştirak edən Azərbaycan əsgərinin iradə və əzmkarlıq hekayəsindən bəhs edən “Zəfər rəqsi” filmi bu il Haaqa Beynəlxalq Film Festivalının əsas proqramına daxil edilib. Festivalın proqramına əsasən, ekran əsəri noyabrın 14-də Niderland Krallığının inzibati mərkəzi Haaqada yerləşən məşhur Pathe Buitenhof kinoteatrında nümayiş olunacaq.

“Füyuzat” xəbər verir ki, qısametrajlı bədii film 14 nəfərdən ibarət beynəlxalq münsiflər heyətinin rəğbətini qazanaraq festivalın rəsmi proqramına seçilib.

2019-cu ildən Niderlandın mədəni həyatında yer alan Haaqa Beynəlxalq Film Festivalının məqsədi yalnız film müsabiqəsi keçirmək deyil, həm də müstəqil kino sahəsində gənc istedadları üzə çıxarmaq və kino vasitəsilə qlobal fikir mübadiləsi üçün platforma yaratmaqdır.

Vətən müharibəsində qələbəmizin beşinci ildönümü münasibətilə ərsəyə gətirilən “Zəfər rəqsi” filmi Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsəri olan yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsi əsasında çəkilib.

Rejissor Gəray Həsənin ekran əsərində baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırıblar.

Film “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu və ASAN TV-nin birgə istehsalıdır.