“Çətin zamanlardan keçirsinizsə, sevdiklərinizi itirdiyiniz üçün əzab çəkirsinizsə və ya gələcəkdən qorxursunuzsa, həyatın yalnız indiki zamandan ibarət olduğunu ağlınızdan çıxarmayın. Bütün düşüncə və xatirələrinizi indiki zamana yönəldin. Belə etdiyiniz təqdirdə keçmişə aid bütün ağrılarınız, gələcəyə dair bütün narahatlıqlarınız yox olub gedər, xoşbəxtliyi və azadlığı hiss edərsiniz.”
Həyatını yaşamaq haqqında düşünərək, “Mən kiməm? Niyə yaşayırıq? Həyatın mənası nədir? Etdiklərimin və edəcəklərimin nəticəsində nə olacaq?” sualları ilə keçirən, bütün zamanların ən böyük yazıçılarından sayılan Tolstoy bunları söyləyir. Müharibələr görmüş, çoxlu hadisələrə şahid olmuş, sevdiklərini itirmiş, lakin qəlbini hər zaman təmiz saxlamağı bacarmış və daim həqiqətlərin ardınca getmiş bir yazıçıdır. Onun həyat hekayəsini, düşüncələrini, sözlərini oxuyanda əminəm ki, bir çoxunuz yaşadığımız dünyanı, öz dünyanızı və bəşər övladını bir daha sorğulayacaqsınız.
Uşaqlıq və gənclik dövrü
9 sentyabr 1828-ci ildə olduqca varlı bir ailə olan şahzadə Mariya və qraf Nikolay İliç Tolstoyun dördüncü övladı kimi Moskvanın cənubundakı Tulada, Yasnaya Polyana imarətində dünyaya gəlir. Ailəsinin sosial vəziyyəti və zənginliyi bütün uşaqlarının həyatları boyunca firavanlıq içində yaşamalarına kifayət edəcək qədər idi. Tolstoy hələ 2 yaşında uşaq ikən anasını, anasından 7 il sonra isə atasını itirir. Kimsəsiz qalan Tolstoyun qayğısını və təhsilini xalaları öz üzərlərinə götürürlər. 1843-cü ildə Şərq dillərini oxumaq üçün Kazan Universitetinə daxil olur, lakin məktəbi yarımçıq qoyur. 2 il sonra Hüquq fakültəsinə başlasa da, buradakı təhsilini də tamamlaya bilmir. 19 yaşına çatanda Yasnaya Polyana malikanəsinə qayıtmağa qərar verir. Cəmiyyətin yüksək təbəqəsi içərisində əylənərək, rahat şəkildə yaşaya bilərdi. Lakin pul, mal-mülk Tolstoyun marağını çəkən şeylər deyildi. Torpaqla məşğul olmaq, kəndlilərlə iç-içə olmaq, onları dinləmək, problemləri həll etmək, daha yaxşı həyat sürmələri üçün çalışmaq onun əsl qayğısı idi.
Yazmağa başlaması
Bir müddət imarətində yaşadıqdan sonra Qafqazda zabit olan qardaşının yanına gedir. Burada xalqı müşahidə edir, onların nə qədər çətin şəraitdə yaşadıqlarını görür. İlk hekayələrini də məhz burada yazmağa başlayır. Krım müharibəsində iştirak edir. Fürsət tapdığı hər an əlinə qələm alır və gördüklərini yazır. Beləliklə, ilk əsəri olan “Uşaqlıq” meydana çıxır.
“Yalnız dərin sevgisi olanlar dərin ağrıları hiss edə bilərlər.”
Bu hekayə çox bəyənilir və dövrün müasir jurnallarında dərc olunur. Tənqidçilərdən də tam qiymət alaraq 23 yaşlı Tolstoy yazıçılıq karyerasında ilk addımını atmış olur. Bir neçə il müharibədə olan Tolstoy 1854-cü ildə artilleriya kiçik zabiti kimi Sevastopola göndərilir və buradakı hisslərini və müşahidələrini “Sevastopol hekayələri” adlı kitabda toplayır. Bu arada səhhəti pisləşməyə başlayır və ordudan ayrılmağa, yalnız yazıçılıqla məşğul olmağa qərar verir.
“Təkəbbür, təkəbbür, təkəbbür… Hər yerdə təkəbbür. Sanki bu, yaşadığımız əsrin xarakterik xüsusiyyəti və özünəməxsus xəstəliyidir?”
1857-ci ildə Avropa səyahəti zamanı təhsilsizlik problemləri ilə maraqlanmağa başlayır. Qərbdə gördüyü süniliyi, səmimiyyətsizliyi və maddiyyata həddindən artıq düşkünlüyü tənqid edir. Hətta oradakı həyat tərzini bəşəriyyət üçün təhdid hesab edir.
“Elə insanlar var ki, heç vaxt hər hansı bir fikir üzərində baş sındırmırlar; həmin dövrdə dəbdə nədirsə, özləri üçün onu seçirlər.”
Onun ölkəsində köləlik sistemi ləğv edilir. Şəhərinə qayıtdıqda torpaq sahibləri ilə keçmiş kölələr arasındakı mübahisələri həll etmək üçün hakimlik vəzifəsini öz üzərinə götürür. Hakimlik etdiyi günlərdə Sofya Bersə könül verir və 1862-ci ildə evlənirlər. Sofyaya olan sevgisini ifadə etmək üçün “heç vaxt belə aşiq olacağımı düşünməmişdim” deyir. Evli və 13 uşaq atası olan Tolstoy həm torpaqla məşğul olur, həm də yazır. Bütün zamanların ən mühüm əsərlərindən sayılan “Hərb və sülh”ü 1863-cü ildə yazmağa başlayır. Hətta atdan yıxılıb qolunu zədələyərək yaza bilməyəcək vəziyyətə düşməsinə baxmayaraq, romanı həyat yoldaşının bacısına yazdıraraq davam etdirir. 1869-cu ildə romanı tamamlayır.
“Hər kəs yalnız öz vicdanı ilə mübarizə aparsaydı, müharibə olmazdı.”
Daha sonra, 1873-cü ildə Tolstoy digər böyük və möhtəşəm əsəri olan “Anna Karenina”ya başlayır və bu romanı da 1877-ci ildə bitirir.
“Edilməli olan yeganə şey məqsədə doğru inadla irəliləməkdir. O zaman məqsədimə çataram. Çalışmağın və sərf edilən əməyin bir mənası olar. Bu, mənim şəxsi işim deyil, burada söhbət ümumi rifahdan gedir. Bütün kənd təsərrüfatı, ən əsası isə bütün xalqın vəziyyəti kökündən dəyişməlidir. Yoxsulluğun yerini ümumi zənginlik və bolluq, düşmənçiliyin yerini isə barışıq və maraqlar birliyi almalıdır.”
Bir gün Tolstoy dövrün gənc ədəbiyyatçıları ilə görüşüb bir müddət söhbət etdikdən sonra gəncləri az yazmaqda, tənbəllikdə ittiham edir. Gənclər isə ona əslində yazdıqlarını, lakin yazdıqlarını nəşr etdirə bilmədiklərini deyirlər. Bunun üzərinə məşhur jurnallardan birinə gedərək qapısını döyür. Nəşriyyatçı Tolstoyu başdan-ayağa süzür, onun adi geyiminə baxaraq köhnə qrafomanlardan biri olduğunu düşünür və deyir:
“Ən yaxşısı, siz qaralamağı dayandırın. Yaşınız belə şeylər üçün çox gecdir. Yeri gəlmişkən, əvvəllər nəsə yazmısınızmı?”
Tolstoy cavab verir:
“Bəli, bir-iki əsər qaralamışam: “Hərb və sülh və Anna Karenina.”
Tolstoy tez-tez depressiyaya düşən yazıçı idi. Ətrafında gördüyü aclıq, səfalət, cahillik onu çox kədərləndirirdi. “Anna Karenina”nı bitirdikdə də depressiyaya düşür. 3 övladını və iki xalasını itirməsi səbəbindən depressiya dövrünü daha ağır keçirir. Hətta intihar etməyi belə düşünür. 1885-ci ildə “İnsan nə ilə yaşayır?” əsərini tamamlayır. Xeyir və şəri, insanın bitib-tükənməyən acgözlüyünü, ölümü və həyatı realist hekayələrlə izah etdiyi bir əsərdir.
“Dünyada sülh, insanda xoş niyyət olmalıdır!”
Tolstoyun evdən qaçması
Qocaldıqca Tolstoy evdəkilərlə daha çox mübahisə edir. Mübahisələrinin səbəbi ailəsinin dəbdəbəli həyata meyilli olmasına baxmayaraq, özünün kəndli kimi geyinmək, yemək-içmək, yəni onlar kimi sadə həyat sürmək istəməsi idi.
“Yüz minlərlə insan ovuc içi boyda bir yerə toplaşıb üst-üstə yaşadıqları torpaq parçasını çirkinləşdirmək üçün var gücləri ilə çalışmış olsaydılar; üzərində heç nə bitməsin deyə hər tərəfinə daş düzmüş, cücərən hər otu kökündən qoparmış, havanı daş kömürü və neft yandıraraq əllərindən gəldiyi qədər çirkləndirmiş, ətrafdakı bütün ağacları kəsmiş, bütün heyvanları və quşları uzaqlaşdırmış olsaydılar belə, yenə də yaz yaz olaraq qalardı… Bununla belə, insanlar, böyük, yetkin insanlar bir-birini əzməyə davam edirdilər. İnsanlar yaz səhərinin, bütün canlıların xoşbəxtliyi üçün yaradılmış təbiətin gözəlliyinin deyil, bir-birlərinə hökm etmək üçün uydurduqları şeylərin mühüm və müqəddəs olduğuna inanırdılar.”
İmarətindən imtina etmək istəyir, lakin həyat yoldaşı buna icazə vermir. Bütün bunlar Tolstoyun evdən qaçmasına səbəb olur. Həyatı boyunca arzuladığı sadə həyata qovuşmaq üçün 28 oktyabr 1910-cu il səhəri at arabasını hazırlatdırır və evdən gizlicə çıxır. Qəzetlərdə onun evdən qaçdığı yazılsa da, əslində onun qaçdığı şey şöhrət, pul və artıq dözə bilmədiyi insanlar idi. Qatarla səyahəti zamanı soyuqdəyməyə tutulur və vəziyyəti xeyli ağırlaşdığından stansiyadakı kiçik bir daxmaya yerləşdirilir. Xəstəliyini eşidən jurnalistlər, kilsə nümayəndələri və dostları Tolstoyun yatdığı yerə gəlirlər və onun sağalmasını günlərlə narahatlıq içində gözləyirlər. Tolstoyun huşu bağlandıqdan sonra həyat yoldaşı Sofyanın içəri girməsinə icazə verilir. Qızları Tatiana, Sofya və Lev Tolstoyun son ünsiyyətini belə təsvir edirlər:
“Anam yaxınlaşdı, onun başının yanında oturdu və onunla vidalaşdı. Günahkar olduğu hər şey üçün bağışlanmasını yalvararaq mehribanlıq və könül oxşayan sözlər pıçıldadı. Aldığı yeganə cavab bir neçə dərin nəfəs ahından ibarət idi.”
Təəssüf ki, xəstəliyə daha çox müqavimət göstərə bilməyən 82 yaşlı dahi yazıçı 20 noyabr 1910-cu ildə kiçik və sadə bir otaqda həyata vida edir. Tolstoyun köməyi çoxsaylı insanlara toxunmuşdu. Dostları və onu sevənlərdən ibarət yüzlərlə insan onu son mənzilə yola salır.
Tolstoydan həyat üçün tövsiyələr:
- Səhər saat 5-də oyan, gecə ən gec saat 10-da yat.
- Həddindən artıq yemək yemə, şirniyyatdan uzaq dur.
- Hər gün bir saat gəz.
- Fayda verə biləcəyin insanları sev.
- Ağıla əsaslanmayan fikirlərə əhəmiyyət vermə.
- Eyni anda iki iş görmə.
- Hisslərini bəlli etmə.
- Başqalarının sənin haqqında nə düşündüyünü vecinə alma.
- Diqqət çəkmədən yaxşılıq et.
- Bədbəxt insanlara kömək et.
Müəllif: Mədinə Məcidli



