Sabah Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində yazıçı, qrafik dizayner və tədqiqatçı Rəsul Həsənin “Ə” kitabının təqdimat mərasimi olacaq.
“Füyuzat”ın məlumatına görə, təqdimat mərasimi saat 17:00–17:45-də “SOCAR” təqdimat zonasında baş tutacaq.
Kitab Azərbaycan dilinin ən xarakterik işarələrindən biri olan “Ə” hərfinin uzun və mürəkkəb inkişaf yolundan bəhs edir. Qədim türk yazılarından və ərəb qrafikasından başlayan bu yol əlifba islahatlarını, latınlaşma prosesini, sovet dövrünü, həmçinin müstəqillik illərində “Ə” ilə “Ä” arasında gedən mübahisələri əhatə edir.
Bir qrafik işarənin necə dilin, siyasətin, texnologiyanın və vizual mədəniyyətin ayrılmaz hissəsinə çevrildiyini göstərən tədqiqat arxiv materialları, tarixi nəşrlər, şrift nümunələri və sənədlər əsasında hazırlanıb.



