Xəbərlər

“Kitabi-Dədə Qorqud” eposunda qadının mifik və sosial funksiyaları araşdırılıb

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Folklor və Yazılı Ədəbiyyat və “Dədə Qorqud” şöbələrinin əməkdaşları da iştirak ediblər.

“Füyuzat” xəbər verir ki, elmi seminarda Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qasımova Sevinc Aşur qızı “Kitabi-Dədə Qorqud” eposunun mifik-fəlsəfi düşüncə sistemində qadının sosial-kosmoqonik funksiyası” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə qədim oğuz eposunun möhtəşəm qaynağı olan “Kitabi-Dədə Qorqud” dastanında Oğuz cəmiyyətinin sosial strukturunun müxtəlif təbəqələrini təmsil edən obrazlar, xüsusilə qadınların cəmiyyətdəki mövqeyi və funksiyaları araşdırılıb. Qeyd olunub ki, “Ana haqqının Tanrı haqqı” kimi qəbul edildiyi Oğuz cəmiyyətində qadınlar həm ana, həm də sosial mövqeyə malik şəxslər kimi Oğuz elinin inkişafında yaxından iştirak ediblər. Dastanda qadınların Oğuz elinin siyasi idarəçiliyində birbaşa roluna rast gəlinməsə də, onların sosial konfliktlərin həllində bəzən həlledici rol oynadığı vurğulanıb.

Tədqiqatda qadın obrazlarının sosial konfliktlərin aradan qaldırılmasında həlledici fiqur kimi çıxış etməsinin mifik-bədii əsasları diqqətə çatdırılıb. Bu rolun qadın obrazlarının oğuzların mifik düşüncə modelində kosmoqonik, yəni kosmosyaradıcı funksiyanın daşıyıcıları olması ilə bağlı olduğu bildirilib. Qadınların sosial-kosmoqonik funksiyasının mifik-bədii semantikası Dirsə xanın xanımı və Bəkil bəyin xanımı obrazları əsasında təhlil edilib.

Məruzədə “Kitabi-Dədə Qorqud” dastanında təsvir olunan digər qadın obrazları haqqında da danışılıb. Bildirilib ki, dastanda əsasən Oğuz bəylərinin xanımları olan Boyu uzun Burla Xatun, Dirsə xanın xanımı, Bəkil bəyin xanımı, Baybican bəyin qızı və Beyrəyin nişanlısı Banıçiçək obrazları geniş planda təqdim olunub. Bu obrazlarla bağlı süjetlərin Oğuz sosial-siyasi elitasını təmsil edən qadınların epik obrazlarını ümumiləşdirməyə imkan verdiyi qeyd edilib. Həmin nümunələr Oğuz qadınlarının cəmiyyətdə böyük hörmətə layiq görüldüyünü, xüsusilə ana statusunda onlara ehtiramla yanaşıldığını göstərir.

Vurğulanıb ki, Oğuz qadınlarının cəmiyyət daxilindəki mövqeyi sakral qanunla qorunur. Bu qanun “Ana haqqı – Tanrı haqqı” deyimində öz ifadəsini tapır.

Seminar mövzu ətrafında aparılan müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.