Hüseyn Cavidin əsərləri ilk dəfə bütöv şəkildə türk dilində üç cilddə nəşr olunacaq. Nəşrin birinci cildi oktyabrın 24-də XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdim ediləcək.
“Füyuzat” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov məlumat verib.
Akademik bildirib ki, Hüseyn Cavidin Türkiyə ilə əlaqələri onun həyatında və yaradıcılığında mühüm yer tutub. Şair gənclik illərində İstanbula gedib və İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirən ilk azərbaycanlı olub. Ədibin ilk şeirləri hələ 1910-cu illərin əvvəllərində Türkiyə mətbuatında işıq üzü görüb.
Rafael Hüseynov qeyd edib ki, Cavidin əsərlərindən ibarət hazırlanan üçcildliyin artıq birinci cildi nəşr olunub. Həmin cildə müəllifin altı pyesi daxil edilib. Kitabda, həmçinin geniş müqəddimə və əsərlərə dair elmi şərhlər yer alıb.
Onun sözlərinə görə, növbəti cildlərdə dramaturqun digər pyeslərinin, daha sonra isə poeziyasının, məqalələrinin və publisistik yazılarının nəşri nəzərdə tutulur.
Akademik vurğulayıb ki, bu layihə Hüseyn Cavidin ədəbi irsinin Türkiyə oxucularına və bütövlükdə türk dünyasına sistemli şəkildə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, kitab Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunub. Oktyabrın 24-də keçiriləcək təqdimat mərasimində Cavidşünasların, tədqiqatçıların və Mədəniyyət Mərkəzinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.



