Xəbərlər

Türk dünyasının tətbiqi sənəti Daşkənddə beynəlxalq konfransda təhlil olunub

Daşkənddə Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunda “Türk dünyasının tətbiqi-dekorativ sənəti: tarix, müasirlik və gələcək perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

“Füyuzat”  xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu və “Science and Innovation” beynəlxalq elmi jurnalının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Fransa və Çindən olan alimlər, sənətşünaslar və mütəxəssislər iştirak ediblər.

Konfransın əsas məqsədi türk xalqlarının zəngin tətbiqi-dekorativ sənət irsinin araşdırılması, milli sənət ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi, müasir incəsənətdə ənənəvi sənət növlərinin inkişaf perspektivlərinin müzakirəsi, eləcə də bu sahədə beynəlxalq elmi-mədəni əməkdaşlığın genişləndirilməsi olub.

Azərbaycan Mədəniyyət Mərkəzinin məsləhətçisi Azər Həndəmov “Türk dünyasının bədii-estetik düşüncəsində milli kimlik və mədəni yaddaş” mövzusunda məruzə ilə çıxış edib.

Konfrans çərçivəsində Özbəkistanın ənənəvi toxuculuq sənəti, Azərbaycan tətbiqi-dekorativ sənətinin bərpası və inkişafı, qazax ornamentlərinin simvolik mənaları, Böyük İpək Yolu mədəni məkanında zərgərlik sənəti, bədii təhsildə milli sənət ənənələrinin rolu, Mərkəzi Asiyanın moda sənayesində ənənə və müasir tendensiyalar, eləcə də türk xalqlarının zəngin mədəni irsinə dair məruzələr dinlənilib.

Tədbir iştirakçıları institutun sərgi salonunda təşkil olunan “Moviyga parvoz” (“Maviyə uçuş”) adlı sərgi ilə də tanış olublar.

Beynəlxalq konfrans türk xalqlarının ortaq mədəni irsinin tədqiqi və təbliği, ənənəvi sənət növlərinin inkişafı, elmi təcrübə mübadiləsinin genişləndirilməsi və iştirakçı ölkələr arasında mədəni əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.