Ədəbiyyat • Xəbərlər

Sankt-Peterburqda nəşr olunan yeni kitabda “Füyuzat” əməkdaşının hekayəsi yer alıb

Bu günlərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “KARO” nəşriyyatında ən yeni Azərbaycan ədəbiyyatına məxsus olan on üç hekayədən ibarət “Yağışlar şəhərinin kitabxanası və digər hekayələr” adlı kitab nəşr olunub.

“Füyuzat” xəbər verir ki, kitabda hekayələr həm azərbaycanca, həm də rusca verilib. Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin müəllimi f.ü.f.d. Şahnaz Kamalova tərəfindən tərtib olunan kitabdakı hekayələri SPDU-nun şərqşünaslıq fakültəsinin tələbələri və magistirləri tərcümə ediblər.

Kitabda Sevinc Nuruqızının, Nərmin Kamalın, Fidan Vahidin, Şəbnəm Xeyrullanın, Ataqamın, İlqar Rəsulun, Həmid Piriyevin, Əli Babazadənin, Tural Turanın, Orxan Həsəninin, Orxan Cuvarlının, Vüqar Vanın, Bəhruz Tağızadənin hekayələri yer alıb.

“Füyuzat” dərgisinin əməkdaşı Fidan Vahidin “Əyri kölgə” hekayəsinin tərcüməçisi hazırda Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsində “İslamşünaslıq” ixtisası üzrə magistraturanın 1-ci kurs tələbəsi Qleb Svirindir. Hekayəni tərcümə edərkən Qleb türk filologiyası kafedrasının 4-cü kursunda təhsil alırdı.