Zaman insanları tanımaq üçün ən dürüst sınaqdır. O, heç kimdən izahat istəmir, heç kimin maskasını zorla çıxarmır. Sadəcə günləri bir–birinin ardınca düzür və insanı öz həqiqəti ilə baş–başa buraxır.
Əvvəlcə hamı eyni görünür. Sənin sevincinə şərik olanlar, çətin günündə yanında dayanacağına söz verənlər, uğuruna sənin qədər sevinirmiş kimi davrananlar… Lakin həyatın gedişində hər kəs öz içində daşıdığı niyyəti bir gün üzə çıxarır. Kiminin səmimiyyəti ilk çətinlikdə sınır, kiminin sevgisi sənin uğurunla üzləşəndə kiçilir. Elə insanlar da var ki, sənə gülümsəyərkən belə içində sənin yıxılacağın günü gözləyir.
Zamanın ələyində ən ağır sınaq məhz budur. Kimin səninlə yol getdiyini, kimin isə sadəcə yolunun açıq olduğu vaxtlarda yanında dayandığını anlamaq.
Həqiqi dostluq insanın hər şeyinin yaxşı olduğu günlərdə deyil, həyatın üzünə qapılar bağladığı vaxtlarda özünü göstərir. Doğmalıq da yalnız qan yaxınlığı ilə ölçülmür. Bəzən yad bildiyin biri ruhuna doğma çıxır, illərlə yanında olan biri isə sənə nə qədər uzaq olduğunu bircə davranışı ilə anladır.
Paxıllıqla yaşayan, sənin uğurunu öz məğlubiyyəti sayan, arxanca quyunu qazıb üzünə dost görünən insanlar zaman keçdikcə öz yerlərini itirirlər. Onları həmişə həyatından qovmağa ehtiyac qalmır. Bəzən bir həqiqəti görmək, bir davranışı anlamaq kifayət edir. İnsan daxilindəki etimadı geri çəkəndə bəzi münasibətlər səssizcə bitir. Heç bir mübahisə olmur, heç bir vidalaşma yaşanmır. Sadəcə əvvəlki yaxınlıq daha geri qayıtmır.
Amma zamanın ələyindən keçmək hər kəsi itirmək demək deyil. Əksinə, geridə qalanlar arasında səni dəyişməyə məcbur etmədən qəbul edənlər, uğuruna ürəkdən sevinənlər, yoxluğunda da sənə hörmətlə yanaşanlar qalır. Onlar sənin həyatında çoxluq təşkil etməyə bilərlər, lakin varlıqları insana güvənin hələ də mümkün olduğunu xatırladır.
Bəlkə də böyümək elə budur. Hər kəsi yanında saxlamağa çalışmaqdan vaz keçmək, hər gedişə özündə bir günah axtarmamaq və kiminsə həqiqi üzünü gördükdə keçmiş xatirələrin xətrinə özünü aldatmamaq. Çünki insanın həyatında hər kəsin qalması vacib deyil. Vacib olan qalanların niyə qaldığını bilməkdir.
Zaman öz işini görür. Sən isə hər kəsi saxlamaq üçün deyil, sənə həqiqətən dəyər verənləri tanımaq üçün yaşayırsan. Sonda anlayırsan ki, itirdiyin hər insan itki deyil, qazandığın hər yaxınlıq da qazanc deyil. Bəzən birinin həyatından çıxması sənin ondan imtinan deyil, öz daxili rahatlığına qayıdışındır.



