Xəbərlər

“Nərimanov” metro stansiyasında Qarabağın dirçəlişinə həsr olunan fotosərgi açılıb

Bakı Metropoliteninin “Nərimanov” stansiyasında Zəfər Gününün altıncı ildönümünə həsr olunan “Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” adlı fotosərginin açılışı olub.

“Füyuzat” xəbər verir ki, sərgi Qarabağ Dirçəliş Fondu və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə keçirilib.

Fondun sifarişi ilə tanınmış britaniyalı yazıçı Qrem Vilsonun qələmə aldığı eyniadlı kitabın materialları əsasında hazırlanan fotosərgidə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, tarixi-mədəni irsin bərpasını, eləcə də Qarabağın təbiətini, zəngin flora və faunasını əks etdirən fotolar daxildir.

“Nərimanov” stansiyasının hər iki keçidində təşkil edilən sərgi paytaxt sakinlərinə və şəhərin qonaqlarına Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və əldə olunan nəticələrlə tanış olmaq imkanı yaradır.

Fotoların üzərində yerləşdirilən QR kodları skan etməklə ziyarətçilər Qarabağ Dirçəliş Fondunun rəsmi internet səhifəsinə keçərək regionda həyata keçirilən layihələr barədə ətraflı məlumat əldə edə, həmçinin bu prosesə dəstək məqsədilə ianə edə bilərlər.

Layihə işğaldan azad edilmiş ərazilərin dirçəlişinin təbliği, Azərbaycanın bərpa və quruculuq təcrübəsinin geniş auditoriyaya çatdırılması, Qarabağın mədəni irsinə və təbiətinə ictimai marağın artırılması məqsədi daşıyır.

Qarabağ Dirçəliş Fondunun şöbə müdiri Pərvin Bağırovanın sözlərinə görə, “Qarabağda Urbisid” fotosərgisinin altı ay müddətində nümayiş etdirilməsi nəzərdə tutulsa da, ziyarətçilərin böyük marağı səbəbindən sərgi üç ildən artıq davam edib. O bildirib ki, vaxtilə Qarabağda dağıntıları əks etdirən fotoların nümayiş olunduğu məkanda bu gün bərpa və quruculuq işlərini əks etdirən sərginin təqdim edilməsi qürurvericidir.

Qeyd edək ki, bu, Qarabağ Dirçəliş Fondunun “Bakı Metropoliteni” ilə birgə həyata keçirdiyi ikinci sərgi layihəsidir. Daha əvvəl “Nərimanov” stansiyasında Qarabağda erməni vandalizmi nəticəsində dağıdılmış şəhər və kəndləri, tarixi, mədəni və dini abidələri əks etdirən 90-a yaxın fotoşəkildən ibarət “Qarabağda Urbisid” fotosərgisi nümayiş olunub.